Ekspert: “SOCAR mütləq optimallaşdırmaya getməlidir”

Ekspert: “SOCAR mütləq optimallaşdırmaya getməlidir”
  • Clock-gray 12:32
  • calendar-gray 04 İyul 2020

Dünya iqtisadiyyatında yaranan böhran, neftin qiymətinin aşağı düşməsi neft şirkətlərinin maliyyə-iqtisadi vəziyyətinə mənfi təsir göstərib. Artıq qlobal olaraq bir çox enerji şirkətləri xərclərini azaldacağını, işçilərini ixtisar edəcəklərini elan edib. Məsələn, BP şirkəti ilin sonuna qədər 10 min işçisini ixtisar etməyi planlaşdırdığını açıqlamışdı. Bu, şirkətin ümumi personalının təxminən 15%-ni təşkil edir. ABŞ-ın nəhəng neft-serviş şirkəti “Halliburton” Hyuston şəhərindəki mənzil-qərargahında min nəfər əməkdaşını ixtisar edib.

Bəs hazırkı vəziyyəti nəzərə alsaq, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) işçilərinin sayını azaltmalıdırmı?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Rəşad Həsənov "APA-Economics"ə bildirib ki, iqtisadi nöqteyi-nəzərdən yanaşılarsa, SOCAR öz fəaliyyətində əmək qüvvəsinə olan tələbi optimallaşdırmalıdır. “Çünki faktiki olaraq dövriyyə, gəlir azalırsa, fəaliyyət məhdudlaşırsa, bunu nəzərə almaq lazımdır. Həm də təkcə iqtisadi böhrandan qaynaqlı deyil, "OPEC+" formatı çərçivəsində götürülmüş öhdəliklərlə bağlı da hasilatın təbii azaldılması istiqamətində addımlar atılır. Bu təbii ki, işçilərin sayının azaldılması zərurəti yaradır. Amma digər məsələ odur ki, indiki halda Azərbaycan hökuməti müəyyən qədər dövlət sektorunda işdən çıxarma hallarının məhdudlaşdırılması, yaxud onun qarşısının alınmasına çalışır, yəni bu cür mövqe ortaya qoyub”, - deyə ekspert qeyd edib. 

O bildirib ki, SOCAR dövlət şirkətidir və böyük ehtimalla, Azərbaycandakı işçilərin ixtisarı hələlik müvəqqəti dayandırılacaq.

“Ən azından pandemiya ilə bağlı karantn tədbirləri tam aradan qalxana, iqtisadiyyat açılana qədər bu proses dayandırılacaq. Amma Azərbaycandan kənardakı fəaliyyətində mütləq və mütləq optimallaşmaya getməlidir. İndiki şərtlər daxilində, yəni fəaliyyət göstərdiyi ölkənin ortaya qoyduğu dəstək proqramlarının imkanlarından, və yaxud qanunvericiliyin tələblərindən asılı olaraq yenə də vəziyyəti dəyərləndirməlidir və həmin seqmentlərdə çalışan işçilərin sayının optimallaşdırılması ilə bağlı mütləq tədbirlər qəbul etməlidir”, - o əlavə edib. 

Ekspert qeyd edib ki, indiki halda əsas məsələ xərclərin optimallaşdırılmasıdır, gəlirlər artıq demək olar ki, nəzarətdən çıxıb, ona təsir imkanı yoxdur. Onun sözlərinə görə, hazırkı vəziyyətdə şirkətlərin görə biləcəyi iş ancaq xərclərin optimallaşdırılması istiqamətində adekvat mövqe ortaya qoymaqdır.

apa-logo-mini

Digər xəbərlər