Gürcüstanın yanacaq idxalının 15%-i ötən il Azərbaycanın payına düşüb

Gürcüstanın yanacaq idxalının 15%-i ötən il Azərbaycanın payına düşüb
# 16 yanvar 2020 11:04 (UTC +04:00)

2019-cu ildə Gürcüstan Azərbaycandan 170,2 min ton benzin və dizel yanacağı idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin illik hesabatında bildirilib.

Qeyd olunub ki, Azərbaycandan idxal edilən yanacaq hesabat dövründə ölkənin ümumi idxalının 15%-ni təşkil edib.

Ötən il Gürcüstanın benzin və dizel yanacağının idxalı ümumilikdə 1 096,0 min ton təşkil edib ki, bu da 2018-ci illə müqayisədə (1 098,9 min ton) 2,9 min ton və ya 0,3% azdır.

2019-cu ildə Gürcüstanın benzin idxalı 544,3 min ton təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 2,3 min ton və ya 0,4% çoxdur. Benzin yanacağına tələbatın artmasının bu ölkənin hibrid tipli avtomobil parkının böyüməsi ilə əlaqədar olduğu bildirilir.

Dizel yanacağının idxalı isə 551,7 min ton təşkil edib. Bu, əvvəlki illə müqayisədə 5,2 min ton və ya 0,9% azdır.

2019-cu ildə Gürcüstanın idxalında Aİ-91 markalı benzin 355,6 min ton (ümumi idxalda payı – 65,3%), Aİ-95 markalı benzin 176,9 min ton (32,5 %), Aİ-98 markalı benzin isə 11,8 min ton (2,2%) idxal edilib.

Hesabat ilində Rusiya Gürcüstanın əsas yanacaq tədarükçüsü olub – 329,9 min ton. Ötən il Gürcüstan Rumıniyadan 300 min ton (27,4%), Türkmənistandan 119,4 min ton (10,9%), Bolqarıstandan 92,4 min ton (8,4%), Yunanıstandan 60,7 min ton (5,5%), Türkiyədən isə 19,8 min ton (1,8%) benzin və dizel yanacağı idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR