IEA: "OPEC+" ölkələri oktyabrda öhdəliklərini 103% yerinə yetirib

IEA: "OPEC+" ölkələri oktyabrda öhdəliklərini 103% yerinə yetirib
# 12 noyabr 2020 13:56 (UTC +04:00)

"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ölkələri oktyabr ayında gündəlik neft hasilatını 34,11 mln. barelədək azaldaraq öhdəliklərini 103% yerinə yetirib.

Bu barədə "APA-Economics" Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatına istinadən xəbər verir.

Hesabata görə, "OPEC+" razılaşmasının artıqlaması ilə təmin edilməsi razılaşmaya qatılan 10 OPEC ölkəsi hesabına yerinə yetirilib. Sözügedən ölkələr oktyabrda gündəlik ortalama 21,51 mln. barel neft hasil edərək razılaşma çərçivəsində öhdəliklərini 106% yerinə yetirib.

Agentlik qeyd edir ki, "OPEC+"a daxil olan digər ölkələr öhdəliklərini 97% yerinə yetirib.

Agentliyin hesablamalarına görə, ötən aylar öhdəliklərini tam yerinə yetirməyən ölkələr, xüsusən də BƏƏ, İraq və Rusiya hasilatlarını əlavə 100 min bareldən çox azaltmalıdır.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR