IEA: "OPEC+" ölkələri yanvarda öhdəliklərini 103% yerinə yetiriblər

IEA: "OPEC+" ölkələri yanvarda öhdəliklərini 103% yerinə yetiriblər
  • Clock-gray 15:23
  • calendar-gray 11 Fevral 2021

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri bu ilin yanvarında neft hasilatının azaldılması üzrə razılaşmanı 103% yerinə yetiriblər. Bu, ötən ilin iyunundan bəri ən maksimum göstəricidir.

"APA-Economics"in IEA-in aylıq hesabatına istinadın verdiyi məlumata görə, ötən ay OPEC ölkələri razılaşmanı 108%, qeyri-OPEC ölkələri isə 94% yerinə yetirib. Rusiya razılaşma çərçivəsində öhdəliyini 95% icra edib.

IEA-in proqnozlarına görə, bu ilin yanvar ayında OPEC ölkələri dekabr ayı ilə müqayisədə gündəlik neft hasilatının 240 min barel artıraraq 25,45 mln. barelə çatdırıb. Razılaşmada iştirak edən, lakin OPEC-ə daxil olmayan ölkələr ötən ay gündəlik neft hasilatını 120 min barel artıraraq 14,59 mln. barelədək yüksəldiblər.

Energetika Nazirliyinin məlumatına görə, Azərbaycan yanvarda "OPEC+" öhdəliyini tam yerinə yetirib. Belə ki, 2021-ci ilin yanvar ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 752 min barel olub. Bunun 593 min barelini xam neft, 159 min barelini isə kondensat təşkil edib.

"OPEC+" çərçivəsində "Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olmuş Azərbaycan 2021-ci ilin yanvar ayında gündəlik xam neft hasilatını 123 min barel azaldaraq 595 min barel həcmində saxlamalıdır.

Qeyd edək ki, cari ilin 5 yanvar tarixində keçirilmiş "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral və mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,05 mln. barel təşkil etməlidir. Azərbaycanın bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral və mart aylarında sabit şəkildə qalmalıdır.

Emil İsmayılov

Digər xəbərlər