IEA: "OPEC+" razılaşması sentyabrda 103% yerinə yetirilib

IEA: "OPEC+" razılaşması sentyabrda 103% yerinə yetirilib
  • Clock-gray 13:03
  • calendar-gray 14 Oktyabr 2020

Bu ilin sentyabr ayında neft hasilatını azaltmaq məqsədilə "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması üzrə sazişin icra nisbəti 103%-ə çatıb.

"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) oktyabr hesabatında deyilir.

Sentyabrda OPEC ölkələri sözügedən razılaşma çərçivəsində öhdəliklərin 106%-ni, qeyri-OPEC ölkələri isə 99%-ni yerinə yetirib.

"Pandemiya ilə əlaqədar dünyada yeni məhdudlaşdırıcı tədbirlər neftə olan tələbatın canlanması gözləntilərini azaldır. Tələbatın yaxşılaşması perspektivi kövrək olaraq qalır və yeni məhdudlaşdırıcı tədbirlər sayəsində IEA bu ​​ilin III rübündə neftə olan tələbatın bərpa olunma proqnozunun gündəlik 200 min barel azaldıb", - hesabatda qeyd edilib.

Qeyd edək ki, "OPEC+" üzrə gündəlik neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən 7,7 mln. barel ixtisarı prosesi çərçivəsində Azərbaycan sentyabrda sutkalıq xam neft hasilatını 133 min barel azaldıb. Bununla da Azərbaycan sentyabrda "OPEC+" üzrə öhdəliyini artıqlaması ilə (101,5%) yerinə yetirib.

"Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan cari ilin avqust-dekabr aylarında xam neft istehsalını sutkada 131 min barel azaltmaqla 587 min barel həcmində saxlamalıdır. Öhdəliklərin icrası məqsədilə gündəlik xam neft hasilatı 2018-ci ilin oktyabr ayındakı səviyyələrdən, AÇG-də 567 min bareldən azaldılaraq 461 min bareldə, SOCAR ("Azneft" İB, BM və ƏŞ) üzrə isə 151 min bareldən ixtisar edilərək 126 min barel həcmində saxlanılmalıdır.

Mirsəid İbrahimzadə

Digər xəbərlər