İqtisadçı: "Ermənistan revanşist ideyalardan əl çəksə, Azərbaycanın infrastruktur imkanlarından yararlana bilər"

İqtisadçı: "Ermənistan revanşist ideyalardan əl çəksə, Azərbaycanın infrastruktur imkanlarından yararlana bilər"
# 17 mart 2021 14:14 (UTC +04:00)

"“Şimali Qafqaz - Zaqafqaziya" qaz kəmərinin Rusiya hissəsində aparılacaq planlı profilaktik təmir işləri ilə əlaqədar Rusiyadan Ermənistan ötürüləcək qaz SOCAR və "Qazprom Export" arasında imzalanan qısamüddətli müqaviləyə əsasən, Azərbaycan ərazisi ilə Gürcüstan sərhədinədək çatdırılacaq. 10 noyabr bəyanatından sonra bölgədə formalaşmış olan yeni geosiyasi və geoiqtisadi reallıqlar çərçivəsində bu tip razılaşmaların əldə olunması gözlənilən idi”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı Elşad Məmmədov deyib.

İqtisadçı bildirib ki, bu faktın özü Azərbaycanın nə qədər güclü və effektli, müasir enerji infrastruktura malik olduğunu bir daha göstərir: “Azərbaycan bu addımları ilə faktiki olaraq regionun dayanıqlı sabitlik və inkişaf bölgəsinə çevrilməsi üçün təşəbbüs nümayiş etdirir. Bu təşəbbüsdən regionda olan ölkələr mütləq şəkildə istifadə etməlidir. Göründüyü kimi, Azərbaycan bununla həm də 10 noyabr bəyanatında nəzərdə tutulmuş kommunikasiyaların açılması məsələsinə sadiqlik nümayiş etdirir, buna hazır olduğunu göstərir, eyni zamanda xoş niyyətini, siyasi iradəsini ortaya qoyur. Ölkəmizin enerji daşıyıcıları ilə bağlı mövcud olan infrastrukturu bu tip layihələrin reallaşdırılmasına imkan verir. Bu da Azərbaycanın son illər infrastruktura istiqamətlənmiş investisiyalarının nəticəsi kimi dəyərləndirilməlidir. Diqqət yetirilməli olan başqa bir məsələ odur ki, Azərbaycan bu addımı ilə həm də humanistliyini, insanpərvər olduğunu göstərir”.

İqtisadçı qeyd edib ki, Ermənistan revanşist ideyalardan imtina eləsə, özünü ağıllı aparsa, 9 noyabr bəyanatına əməl eləsə, Azərbaycanın infrastruktur imkanlarından yararlana bilər: “Əgər Ermənistan tərəfi öz müsbət niyyətini, siyasi iradəsini nümayiş etdirərsə, bölgədə onun üçün də kifayət qədər effektiv və müsbət trendlər formalaşa bilər. Ermənistan dövlətinin qorunması, Ermənistanın dövlətçiliyinin saxlanılması üçün bu ölkə bölgədə olan əməkdaşlıq layihələrinə qoşulmalıdır. Əks halda, Ermənistanın gələcəyi şübhə altında olacaq. Çünki yeni reallıqlar və yeni trendlər onu deməyə əsas verir ki, region artıq kifayət qədər dayanıqlı şəkildə iqtisadi inteqrasiya və inkişaf bölgəsinə çevrilməkdədir. Bölgənin ən zəif iqtisadi potensialına malik ölkəsi olan Ermənistan bu proseslərdən kənarda qalarsa, bu, həmin ölkə üçün iflas təhlükəsini tam şəkildə reallığa çevirə bilər. Çünki kommunikasiyalar, yollar açılmasa, Ermənistan təkbaşına kommunikasiyalar qurub inkişaf edə bilməyəcək. Ermənistan anlamalıdır ki, onu gələcəyi daha çox Azərbaycandan asılıdır”.

Qeyd edək ki, martın 16-da SOCAR və "Qazprom Export" şirkəti Rusiya qazının nəqli üzrə qısamüddətli müqavilə imzalayıb. Müqaviləyə əsasən, "Şimali Qafqaz-Zaqafqaziya" qaz kəmərində planlı təmir işləri zamanı Ermənistandakı istehlakçılara qaz tədarükü Azərbaycan ərazisi ilə davam etdiriləcək. Sözügedən qaz kəmərinin Rusiya hissəsində aparılacaq planlı profilaktik təmir işləri zamanı qaz istehlakçılara Azərbaycan ərazisi ilə Gürcüstan sərhədinədək çatdırılacaq. Qeyd olunur ki, təmir işləri üç həftəyə yaxın davam edə bilər. İşlər bitdikdən sonra qazın nəqli əvvəlki marşrutla - Rusiya və Gürcüstan sərhədindən nəql ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR