İtaliya şirkətləri indiyədək Azərbaycanda 10 mlrd. dollar məbləğində podrat müqavilələri icra edib

İtaliya şirkətləri indiyədək Azərbaycanda 10 mlrd. dollar məbləğində podrat müqavilələri icra edib
# 08 dekabr 2020 10:21 (UTC +04:00)

Azərbaycanın energetika naziri, Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Pərviz Şahbazov İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosatonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, P. Şahbazov qlobal pandemiya ilə əlaqədar belə mürəkkəb dövrdə İtaliyanın müxtəlif partiyalarını təmsil edən deputatlardan ibarət nümayəndə heyətinin Azərbaycana səfərini, işğaldan azad edilmiş əraziləri ziyarət etmələrini və Ermənistan tərəfindən törədilən dağıntılarla yaxından tanış olmalarını yüksək qiymətləndirdiyini qeyd edib, bu səfərin ölkəmiz üçün olduqca xüsusi əhəmiyyət kəsb edən belə bir dövrdə İtaliyanın Azərbaycana olan dəstəyini təcəssüm etdirdiyini vurğuladı və bu dəstəyə görə təşəkkürünü bildirib.

Qeyd olunub ki, 2018-ci il 18 iyul tarixində İtaliya Respublikasının Prezidenti Sergio Mattarellanın Azərbaycana rəsmi səfəri, eyni ilin 25 sentyabr tarixində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın İtaliya Respublikasına rəsmi səfəri, həmçinin cari ilin 19-21 fevral tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri, bu səfər zamanı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə” və digər çoxsaylı hüquqi sənədlər ölkələrimiz arasında əməkdaşlığın daha yüksək səviyyəyə qalxmasını təmin edib.

Görüşdə həmçinin, enerji sektorunda əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişaf etməsində mühüm rol oynadığı qeyd edilib. Bu əməkdaşlıqda Cənub Qaz Dəhlizinin və onun mühüm komponenti olan Trans Adriatik Boru Kəmərinin xüsusi əhəmiyyəti vurğulanıb, dəhliz vasitəsi ilə cari ilin sonunda Azərbaycan qazının Avropaya nəqlinə başlanmasının nəzərdə tutulduğu diqqətə çatdırılıb. Həmçinin, qeyd edilib ki, Azərbaycan və İtaliya arasında yüksək səviyyəli əməkdaşlıq digər iqtisadi sahələri də əhatə edir və İtaliya şirkətləri indiyədək neft və qeyri-neft sahələrində 10 mlrd. ABŞ dolları məbləğində podrat müqavilələri icra edib.

İtaliya nümayəndə heyətinin rəhbəri səmimi qəbul üçün minnətdarlığını bildirdi və qeyd edib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulan kimi Azərbaycana təşkil edilmiş bu səfər məhz ölkəmizə olan yüksək dostluq münasibətinin göstəricisidir. İşğaldan azad edilmiş ərazilərimizə səfər haqqında danışan Ettore Rosato nümayəndə heyəti adından şəhid ailələrinə, onların yaxınlarına və Azərbaycan xalqına dərin hüznlə başsağlığını çatdırıb.

İki ölkə arasında yüksək dostluq münasibətinin göstərici kimi İtaliyanın öz enerji təhlükəsizliyini Azərbaycana etibar etməsi qeyd edilib. Eyni zamanda, İtaliyanın yalnız neft-qaz sahəsində deyil, iqtisadiyyatın bir çox sahələrində Azərbaycanla əməkdaşlıq münasibətlərinin genişləndirilməsində maraqlı olduğu vurğulanıb.

Görüş zamanı, həmçinin, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin sabit və uzunmüddətli inkişaf etdirilməsi məqsədilə yaradılmış Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələlərinə toxunulub. Ölkələr arasındakı münasibətlərin hərtərəfli inkişafında Azərbaycanın İtaliyadakı səfirinin və İtaliyanın Azərbaycandakı səfirinin fəaliyyətləri vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR