KİV: OPEC neft hasilatının əhəmiyyətli dərəcədə azaldılmasını müzakirə edir

KİV: OPEC neft hasilatının əhəmiyyətli dərəcədə azaldılmasını müzakirə edir
  • Clock-gray 10:53
  • calendar-gray 04 Noyabr 2020

Səudiyyə Ərəbistanı və digər OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri koronavirusa yoluxanların sayının artması və bununla əlaqədar olaraq Avropa ölkələrində yeni məhdudlaşdırıcı tədbirlərin tətbiqi səbəbindən neft hasilatında əhəmiyyətli dərəcədə azalma imkanlarını müzakirə edir.

"APA-Economics"in məlumatına görə, bu barədə "Wall Street Journal" öz mənbələrinə istinadən xəbər verir.

Məlumata əsasən, OPEC ölkələri neftə olan tələbatın az olması səbəbindən tədbirlərdən biri kimi hasilatın bir qədər də azaldılması məsələsinə baxır.

Bundan əvvəl Əlcəzairin Energetika naziri, OPEC Konfransının Prezidenti Abdelməcid Attar qeyd edib ki, Rusiya, Səudiyyə Ərəbistanı və İraqın digər "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ölkələrinə 2021-ci ilin ilk aylarında neft hasilatında mövcud azalma səviyyəsini qoruyub saxlamağı (gündəlik 7,7 mln. barel) təklif ediblər.

Qeyd edək ki, razılaşmaya görə, 2021-ci ilin yanvarın 1-dən "OPEC+" ölkələri üzrə neft hasilatının azaldılması kvotası 7,7 mln. bareldən 5,8 mln. barelədək endiriləcək.

Emil İsmayılov

Digər xəbərlər