KİV: "OPEC+" ölkələrinin əksəriyyəti hasilatın artırılmasının tərəfdarıdır

KİV: "OPEC+" ölkələrinin əksəriyyəti hasilatın artırılmasının tərəfdarıdır
# 02 mart 2021 14:59 (UTC +04:00)

"OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələrinin əksəriyyəti martın 4-də keçiriləcək görüş ərəfəsində, aprel ayından etibarən gündəlik neft hasilatının 0,5 mln. barel artırmaq variantının tərəfdarıdır.

"APA-Economics"in məlumatına görə, bu barədə RİA "Novosti" öz mənbəyinə istinadən xəbər verir.

"Bəli, əksəriyyəti hasilatı artırmağa meyllidir. Bazarda vəziyyət müsbətdir, böyük ehtimalla hasilat 0,5 mln. barel artırılacaq", - mənbə qeyd edib.

Onun sözlərinə görə, "OPEC+"ın texniki və monitorinq komitələri yarana biləcək risklərin analizi üzərində işləyir.

Qeyd edək ki, martın 3-də "OPEC+" nazirlərinin monitorinq komitəsinin iclası, martın 4-də isə alyansın razılaşmasına qatılan bütün ölkələrin toplantısı keçiriləcək.

Xatırladaq ki, 2020-ci il 12 aprel tarixli "OPEC+" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edirdi. 2020-ci ilin 3 dekabr tarixində "OPEC+" nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən, 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının "OPEC+" ölkələri tərəfindən 7,2 mln. barel, müvafiq olaraq Azərbaycan tərəfindən isə 123 min barel azaldılması nəzərdə tutulub. Bununla da, cari ilin yanvar ayında Azərbaycan üçün təklif olunan gündəlik neft hasilatı 595 min barel səviyyəsində müəyyən edilib. 2021-ci ilin 5 yanvar tarixində "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında isə gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,05 mln. barel təşkil edəcək. Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. Beləliklə, yanvar, fevral və mart aylarında Azərbaycan gündəlik xam neft hasilatını 2020-ci ilin dekabr ayına nisbətən 8 min barel artıraraq hasilatı 595 min barel səviyyəsində saxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR