Londondakı Beynəlxalq Arbitraj Məhkəməsi SOCAR-ın lehinə ikinci qərarını verib

Londondakı Beynəlxalq Arbitraj Məhkəməsi SOCAR-ın lehinə ikinci qərarını verib
# 28 yanvar 2021 12:07 (UTC +04:00)

Bu ilin yanvarın 26-da SOCAR və “Palmali” arasında mövcud mübahisə üzrə ikinci arbitraj qərarı açıqlanıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, qərar London Dəniz Arbitrləri Assosiasiyanın şərtləri altında SOCAR qrupunun lehinə verilmişdir. Məhkəmə işində təxminən 63 mln. ABŞ dolları məbləğində zərərin “Palmali” və Mübariz Mənsimov tərəfindən ödənilməsi barədə qərar çıxarılmışdır.

Məlumata görə, qeyd edilən məbləğə həmçinin zərər məbləği, faizlər və hüquqi xərclər də daxildir. Bu məhkəmə işində də “Palmali”nin çoxmilyonlu qarşılıqlı iddiası bütünlüklə rədd edilib.

Daha əvvəl də qeyd olunduğu kimi, SOCAR və “Palmali” arasında əvvələr kommersiya münasibətləri mövcud olsa da, “Palmali”nin iddia etməsinə baxmayaraq, bu şirkətlər heç vaxt birgə müəssisə yaratmayıblar. 2018-ci ildə “Palmali”nin öz öhdəliklərini pozması nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər qarşı tərəfə və Mübariz Mənsimova qarşı üç arbitraj iddiası qaldırıblar. Bundan əvvəl keçirilmiş birinci məhkəmə prosesində London Beynəlxalq Arbitraj Məhkəməsi “SOCAR Overseas” şirkətinə 49,5 milyon ABŞ dolları məbləğində vəsaitin ödənilməsi barədə qərar vermişdi. Beləliklə, üç məhkəmə işindən ikisi artıq SOCAR-a ümumilikdə təxminən 112,5 milyon ABŞ dolları məbləğində cərimənin ödənilməsi barədə qərarlarla nəticələnmişdir. Şirkətlər arasında üçüncü mübahisə də arbitraj prosesinin predmetidir. Artıq həmin proses də başa çatmışdır, arbitraj qərarı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR