"Lukoil" "Dostluq" yatağının işlənməsində iştirak edə bilər

"Lukoil" "Dostluq" yatağının işlənməsində iştirak edə bilər
  • Clock-gray 11:30
  • calendar-gray 19 Fevral 2021

Rusiyanın “Lukoil” şirkəti Xəzər dənizində yerləşən və Azərbaycanla Türkmənistanın birgə çalışacağı “Dostluq” neft-qaz yatağının kəşfiyyatı, işlənməsi və mənimsənilməsi prosesində iştirak etmək niyyətindədir.

APA-Economics”in “Türkmənistan bu gün” agentliyinə istinadən verdiyi məlumata görə, ötən gün Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov “Lukoil”un rəhbəri Vahid Ələkbərovu qəbul edib.

Məlumata görə, görüş zamanı bu yaxınlarda Türkmənistanla Azərbaycan Respublikası arasında “Dostluq” yatağının karbohidrogen ehtiyatlarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənməsinə dair imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Görüş zamanı bu tarixi sənədin imzalanması Xəzərdə enerji sahəsində Türkmənistan-Azərbaycan əməkdaşlığının gücləndirilməsi və inkişafı baxımından mühüm bir hadisə olduğu qeyd olunub.  Bundan əlavə, sözügedən ortaq iş üçün yeni imkanlar açılır və bölgəyə uzunmüddətli əsasda iri xarici investisiyalar cəlb etmək üçün əlavə təşviqlər yaradılır.

“Buna əsasən, biz “Lukoi”un “Dostluq” yatağının işlənməsində iştirak etmək niyyətlərini alqışlayırıq və bu layihənin həyata keçirilməsi üçün konkret investisiya təkliflərini nəzərdən keçirməyə hazırıq”, - deyə Q. Berdiməhəmmədov vurğuladı.

“Lukoil”un təkcə Xəzərin deyil, Baltik dənizinin də şelfində işləmə təcrübəsinin olduğunu qeyd edən V. Ələkbərov Türkmənistan Prezidentinə etimad göstərdiyinə görə təşəkkür edib. O, qarşı tərəfi əmin edib ki, “Lukoil” şirkəti “Dostluq” kimi əhəmiyyətli bir layihənin icrası ilə bağlı bütün vəzifələri uğurla həll etmək üçün səylərini əsirgəməyəcək: “Başlıca, bu işin aydınlığı və səmərəliliyi ilə yanaşı ətraf mühitə də aiddir. Biz bilirik ki, Xəzər kövrək bir sistemə malikdir, buna görə də qabaqcıl və iqtisadi cəhətdən məqsədəuyğun texnologiyalardan maksimum dərəcədə istifadə olunacaq”.

“Lukoil”un rəhbəri bir daha bu layihənin keyfiyyətcə, ekoloji tələblərə uyğun və vaxtında həyata keçirilməsi üçün hər şeyin ediləcəyini vurğulayıb.

Xatırladaq ki, yanvarın 21-ə Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb.

Bu günə qədər Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı bu  yataq Xəzər dənizində iki ölkə arasında sərhəddə yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb. SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhədinin tən ortasında yerləşdiyi üçün “Aralıq” adlandırılıb. “Dostluq” 1990-cı illərin ortalarından başlayaraq iki ölkə arasında mübahisə predmeti olsa da, uzun illərin danışıqlarının nəticəsində tərəflər ortaq məxrəcə gəlməyə nail olmağı bacarıb.

Emil İsmayılov

Digər xəbərlər