Mustafa Babanlı: "Xəzər dənizini Xoşbəxt Yusifzadə qədər dəqiq bilən ikinci adam yoxdur"

Mustafa Babanlı: "Xəzər dənizini Xoşbəxt Yusifzadə qədər dəqiq bilən ikinci adam yoxdur"
  • Clock-gray 15:00
  • calendar-gray 14 Yanvar 2020

“Azərbaycan illər, əsrlər boyu çoxlu dahilər yetişdirib.  Xoşbəxt Yusifzadə ni digər dahi insanlardan fərqləndirən bir neçə cəhət var. Düşünürəm ki, ən birincisi, o, digər korifeylərdən fərqli olaraq bütün düşüncələrini, elmini, fəaliyyətini məhz Azərbaycanda həyata keçirib”.

Bunu “APA-Economics”ə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı bildirib.

Onun sözlərinə görə, Xoşbəxt Yusifzadə bütün bilik və bacarıqlarını Azərbaycanın inkişafına və Azərbaycanın xalqının rifahının yaxşılaşdırılmasına sərf edib və dahiləşib: “Bunu çox az adam haqqında demək olar. Elə adamlar var ki, böyük bir uğur qazanır, dünyəviləşir və öz bilik və bacarığını ABŞ-da, İngiltərədə, Almaniyada müəyyən laboratoriyalarda qoyur və dünyəvi bir insan olur. Amma Xoşbəxt Yusifzadə bilik və bacarığını yönəldərək Azərbaycanda 20-dən çox neft-qaz, karbohidrogen yatağının açılmasında və istismara verilməsində iştirak edib”.

M. Babanlı deyib ki, bu insanın ikinci ən böyük gözəlliyi onun praktik biliyi ilə elminin eyni səviyyədə olmasıdır.

“İnsan alim olur, ancaq praktik cəhətdən o qədər də düşüncəli olmur. Faktiki olaraq, Azərbaycanda torpağın altını Xoşbəxt Yusifzadə qədər yaxşı bilən ikinci adam yoxdur. Dəqiq deyirəm ki,  Xəzər dənizi  regionunu isə Xoşbəxt Yusifzadə qədər dəqiq bilən dünyada ikinci adam yoxdur. Xatırlayıram ki, bir neçə il əvvəl fransızlar özləri etiraf etdilər ki, zamanında Xoşbəxt Yusifzadənin dediyi yerdən qazma aparsa idilər, onların quyuları neft-qaz verəcəkdi. Ancaq onlar onu dinləmədilər, öz hesablamalarına görə qazdılar və quyulardan heç nə çıxmadı. Daha sonra isə onlar quyuları Xoşbəxt müəllimin dediyi koordinatlarda qazdılar və oradan kifayət qədər neft-qaz hasilatının mümkün olacağını təsdiqlədilər”, - deyə rektor əlavə edib.

M. Babanlı qeyd edib ki, Xoşbəxt Yusifzadə universitet üçün doğma bir insandır: “O, 1952-ci ildə əvvəlki Azərbaycan Sənaye İnstitutunun, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini bitirib və Azərbaycanın neft-qaz sənayesini əhatə edən müxtəlif təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb. 2004-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) birinci vitse-prezidenti vəzifəsində bu günə qədər əvəz edilmədən fəaliyyətdədir. Bütün bu illər ərzində, yəni 1952-ci ildən universitetin divarlarını tərk etdikdən sonar da hər zaman universitetlə maraqlanıb: “Mən bu universitetdə fəaliyyət göstərdiyim dövrlər ərzində elə bir tədris semestri olmayıb ki, Xoşbəxt Yusifzadə hər hansı formada universitetin işləri ilə maraqlanmasın. O, elmi düşüncəni də bir saniyə belə olsun unutmur. O,işlərinin çoxluğuna baxmayaraq, yenə də universitetlə nəfəs alır”.

Rektor xatırladıb ki, bir neçə il öncə ADNSU-nun Elmi Şurasının qərarı ilə Xoşbəxt Yusifzadə fəxri professor adına layiq görülüb: “Daha sonra, iki tələbəmiz hər semestr “Xoşbəxt Yusifzadə adına təqaüd” alır. Azərbaycanda ilk dəfə olaraq fəaliyyət göstərən bir insanın adına təqaüd təsis edilib. Düşünürəm ki, 2020-21-ci tədris ilində Xoşbəxt Yusifzadə adına auditoriyanın da açılışını onun iştirakı ilə edəcəyik”.

M. Babanlı, Universitetin kollektivi adından Xoşbəxt Yusifzadəni 90 yaşının tamam olması münasibəti ilə ürəkdən təbrik edib: “Arzu edirəm ki, hələ uzun illər Xoşbəxt Yusifzadə Azərbaycanın nəinki neft sənayesinin inkişafına, o cümlədən də gənclərin yetişməsində öz töhfəsini versin. Belə dahi insanların gənclərlə təması onların yüksək səviyyəli mütəxəssis olmaları üçün çox önəmlidir”.

Emil İsmayılov

Digər xəbərlər