Nazir: "Azərbaycan öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100% nail olan nadir ölkələrdəndir"

Nazir: "Azərbaycan öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100% nail olan nadir ölkələrdəndir"
  • Clock-gray 10:42
  • calendar-gray 20 Oktyabr 2020

 

Azərbaycan dünya miqyasında nadir ölkələrdəndir ki, öz potensialı hesabına enerji təhlükəsizliyinin təminatına 100% nail ola bilib.

Azərbaycan Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu barədə Energetika naziri Pərviz Şahbazovun rəsmi mətbuatda dərc olunmuş və 20 oktyabr – Energetika gününə həsr edilmiş məqaləsində deyilir.

Nazir qeyd edib ki, energetika sektorunda həyata keçirilən kompleks tədbirlər hesabına son on ildə 2 055,4 MVt gücündə 23 yeni elektrik stansiyasının istismara verilməsi ilə Azərbaycanın ümumi elektrik enerjisi istehsalı gücü 7 516,5 MVt-a çatdırılıb: “Elektroenergetika sistemində ümumi gücü 6 237,7 MVt olan 18 istilik elektrik stansiyası, 1 278,8 MVt gücündə isə su və digər bərpa olunan enerji mənbələri üzrə elektrik stansiyaları fəaliyyət göstərir. Reabilitasiya proqramı çərçivəsində "Azərbaycan" İES və digər elektrik stansiyalarının dayanıqlılığı, etibarlılığı, təhlükəsizliyi və səmərəliliyi yeni səviyyəyə yüksəlib. Ümumiyyətlə, son illər enerji sisteminə qoyulmuş investisiyalar, modernləşmə işlərinin aparılması nəticəsində səmərəlilik, elektrik enerjisinin keyfiyyət göstəriciləri nəzərəçarpacaq dərəcədə yüksəlib, itkilərin səviyyəsi isə aşağı düşüb. Son 10 ildə elektrik enerjisinin ötürülməsi və paylanmasında itkilərin 22,4%-dən 10,2%-dək, 1 kVt-saat elektrik enerjisinin istehsalına yanacağın xüsusi sərfinin isə 305,6 qramdan 263,4 qrama qədər azaldılmasına nail olunub”.

P. Şahbazov həmçinin qeyd edib ki, respublikanın energetika sisteminin infrastrukturunda da ciddi dəyişikliklər edilib. Belə ki, hazırda ümumi gücü 25 133,5 MVA olan 110-500 kV-luq 228 yarımstansiya fəaliyyətdədir.

“Yeni istehsal güclərinin yaradılması hesabına son 10 ildə elektrik enerjisinin istehsalında 39,7% artım əldə edilib. Ölkənin inkişafı, əhalinin artımı, sənayeləşmə prosesi ilə əlaqədar olaraq elektrik enerjisinin istehlakı 58,3% artıb. 2019-cu ildə  elektrik enerjisinin  istehsalı 26,1 mlrd. kVt-st, istehlakı isə 21,6 milyard kVt·st təşkil edib. COVID-19 pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb. Belə ki, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 mlrd. kVt-saat təşkil edib. Qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir”.

 

APA-Economics

Digər xəbərlər