Nazir: "Enerji sahəsində əməkdaşlığa və innovasiyalara daha açıq olmalıyıq"

Nazir: "Enerji sahəsində əməkdaşlığa və innovasiyalara daha açıq olmalıyıq"
# 02 iyul 2020 15:46 (UTC +04:00)

“Qlobal energetika üçün də xarakterik olan qeyri-sabitlik, qeyri-müəyyənlik və mürəkkəblik vəziyyətində milli və qlobal səviyyələrdə əməkdaşlığa, innovasiyalara daha açıq olmalıyıq. Məhz birgə səylərlə baş verən dəyişikliklərə çevik reaksiya verərək qeyri-sabit enerji sisteminin problemlərini imkanlara çevirə və qlobal energetikanın aktual məsələlərinin həllində müsbət nəticələrə nail ola bilərik”.

"APA-Economics"in məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Energetika Nazir Pərviz Şahbazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq video-konfrans zamanı deyib.

Nazir “OPEC+” formatında tənzimləmə mexanizminə qayıdışı və aprel ayında tarixi qərarın qəbulunu bu istiqamətdə ilk addımlardan biri kimi qeyd edib. O bildirilib ki “OPEC+” razılaşması hazırda bazara yeganə dəstək verən vasitədir. Bununla belə dünya iqtisadiyyatında geriləmə və məhdud iqtisadi aktivlik müddətinin uzanması tələbata ciddi şəkildə təzyiq edir. Dünyada neftə gündəlik tələbat birinci rübdə 6,4 mln barel azalmışdısa, ikinci rübdə bu göstərici, təxminən, 17 mln. bareldən çox qiymətləndirilir. İlin ikinci yarısı üçün azalma tendensiyasının zəifləyəcəyi gözlənilir. Lakin, təəssüf ki, bu qeyri-müəyyənliklər mühitində, tələbatın yaxın bir tarixdə tam bərpasını əminliklə söyləmək mümkün deyil. Müxtəlif qiymətləndirmələrə görə, neft bazarının sabitləşməsi üçün ən azı 2 il vaxt lazımdır: “Düşünürəm ki, qeyri-ordinar situasiyada neft ölkələrinin üzərinə düşən əsas missiya əməkdaşlıq və həmrəylik əsasında “OPEC+” formatının dayanıqlı və səmərəli mexanizm kimi fəaliyyətini, öhdəliklərin icrasını təmin etməkdir. Neft bazarında sabitlik bütün neft istehsalçılarının marağında olan məsələdir və bu baxımdan, digər iri neft istehsalçılarının cəlbi ilə “OPEC+” formatının genişləndirilməsi vacibdir. Öhdəliklərin icrasına gəldikdə isə hesab edirəm ki, “OPEC plus” ölkələrinin iyul ayı daxil olmaqla üç aylıq performansı növbəti addımlar üçün baza olacaq. Azərbaycan öz öhdəliklərinə sadiqdir və müasir qlobal energetika sistemində aktiv rolunu davam etdirəcək”, deyə nazir əlavə edib. Energetika naziri Pərviz Şahbazov Azərbaycanın enerji ölkəsi kimi hazırkı mövqeyini müstəqillik illərində ümummilli lider Heydər Əliyevin qətiyyətli iradəsinin məhsulu olan neft strategiyasının nailiyyətləri əlaqələndirib. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasətinin enerji layihələri ilə qitələrarası inteqrasiya və enerji təhlükəsizliyinə, rifaha, dövlətlər arasında qarşılıqlı faydalılıq prinsipinə əsaslanmış əməkdaşlıq mühitinə töhfələr verdiyini bildirib. Nazir belə bir siyasətin töhfəsi kimi Cənub Qaz Dəhlizinin əhəmiyyətini vurğulayıb: “Cənub Qaz Dəhlizinin Avropaya qazın çatdırılmasını təmin edən sonuncu seqmenti-TAP üzrə işlər pandemiyanın yaratdığı çətinliklərə baxmayaraq başa çatır. Cənub Qaz Dəhlizinin cari ilin sonuna kimi enerji sektorunun ağır dövründə tam istismara verilməsi planlaşdırılır. Cənub Qaz Dəhlizi ölkəmizin qaz sektorunun inkişafına və qaz istehsalının artması ilə sənaye müəssisələrinin yaranmasına təkan verən və davamlı inkişafı təmin edən layihədir. Ölkədə qaz hasilatının bu il 38,2 mlrd. kubmetrə, 2022-ci ildə isə 44,5 mlrd. kubmetrə çatması gözlənilir”.

Pandemiyanın enerji transformasiyasını sürətləndirməsi prosesindən də bəhs edən nazir ölkəmizdə islahatlar prosesinin tərkib hissəsi kimi elektroenergetika sistemində, xüsusilə bərpa olunan enerji sahəsinin inkişafında dönüş yaradacaq işləri də diqqətə çatdırıb. Nazir deyib ki, bərpa olunan enerji sahəsində qanunun qəbulunu gözləmədən beynəlxalq enerji şirkətləri ilə aparılan danışıqların müsbət nəticəsi kimi 240 MVt gücündə külək və 200 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrin icrasına başladıq. Bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilədək 30%-ə çatdırmaq üçün 1 000 MVt-a yaxın əlavə güclərin yaradılması istiqamətində də hazırlıq görülür.

Nazir, həmçinin Rusiya ilə energetika sahəsində əməkdaşlığın iki ölkə arasında münasibətlərin inkişafındakı rolundan da bəhs edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR