Nazir: "İşğaldan azad edilmiş ərazilərdə yüzlərlə kilometr elektrik verilişi xətləri çəkiləcək"

Nazir: "İşğaldan azad edilmiş ərazilərdə yüzlərlə kilometr elektrik verilişi xətləri çəkiləcək"
# 07 yanvar 2021 12:32 (UTC +04:00)

Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında, ümumilikdə 308 kilometr elektrik verilişi xəttinin çəkilməsi və yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkə yaradılacaq.

"APA-Economics"in məlumatına görə, bunu Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov deyib.

"44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən sonra digər sahələrdə olduğu kimi, energetika sahəsinin qarşısında da mühüm vəzifələr müəyyənləşdirilib. Bu vəzifələrin ən başlıcası azad edilmiş torpaqlarımızda enerji infrastrukturunun qurulması və regionun enerji potensialından mümkün qədər səmərəli istifadədir. Həmin vəzifələrin icrası üçün, ilk növbədə, enerji infrastrukturuna dəymiş ziyan qiymətləndirilir. Artıq “Azərişıq” ASC tərəfindən ətraf rayonlarda zədələnmiş energetika obyektləri bərpa edilib, Füzuli rayonunda, Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində həyati vacib obyektlər, Cəbrayıl rayonunda sərhəd zastavaları elektrik enerjisi ilə təmin olunub. Bununla yanaşı, paylayıcı elektrik şəbəkələrinin yaradılması ilə bağlı tədbirlər davam etdirilir. “Azərenerji” ASC-nin tədbirlər planına əsasən may ayınadək Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası yenidən qurulacaq. Bu məqsədlə yüksək gərginlikli əlavə xətt çəkilir, həmçinin yarımstansiyanın gücü qaldırılır", - P. Şahbazov qeyd edib.

Onun sözlərinə görə, hazırda Şuşa şəhərinə 75 kilometr məsafədə 110 kilovoltluq 2 dövrəli elektrik verilişi xəttinin tikintisi həyata keçirilir. Növbəti mərhələdə isə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Ağdam və Kəlbəcər rayonlarında, ümumilikdə 308 kilometr elektrik verilişi xəttinin çəkilməsi və yeni yarımstansiyaların tikilməsi ilə 110 kilovoltluq şəbəkə yaradılacaq.

"Bu ərazilərin təbii qazla təminatı ilə bağlı hazırlanmış proqramda SOCAR tərəfindən müxtəlif diametrlərdə 416 kilometr magistral qaz xəttinin çəkilməsi də təklif olunur", - nazir əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR