Nazirlik: Orta və uzunmüddətli dövrdə neft-qaz qiymətlərində əhəmiyyətli artım olmayacaq

Nazirlik: Orta və uzunmüddətli dövrdə neft-qaz qiymətlərində əhəmiyyətli artım olmayacaq
  • Clock-gray 13:47
  • calendar-gray 21 Dekabr 2020

Dünya iqtisadiyyatının inkişaf istiqamətləri, xüsusən də alternativ enerji resurslarından istifadənin genişlənməsi və karbohidrogen resurslarına tələbatın getdikcə azalması orta və uzun müddətli dövrdə neft və qaz qiymətlərində əhəmiyyətli artımların olmayacağına dair gözləntilər formalaşdırır.

Maliyyə Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında" qanununun layihəsinə dair izahatda deyilir.

Qeyd olunub ki, dünyanın aparıcı maliyyə təşkilatları və neft qiymətlərinin proqnozlaşdırılması üzrə ixtisaslaşmış agentliklər cari il üçün “Brent” markalı neftin 1 barelinin orta qiymətinin 40 ABŞ dolları civarında olacağını və ən azı növbəti bir ildə də neftin qiymətlərində kəskin artımın olmayacağını proqnozlaşdırırlar.

Bundan əlavə, COVID-19 pandemiyası əksər ölkələrdə səhiyyə və sosial xərclərin artması ilə büdcə kəsirinin təsiredici həcmlərdə artmasına səbəb olmuşdur. Beynəlxalq Valyuta Fondu (BVF) və digər beynəlxalq maliyyə institutlarının məlumatlarına əsasən cari ildən etibarən dünya ölkələrinin bir çoxu artan büdcə kəsirlərini dövlət borcu hesabına maliyyələşdirir ki, sözügedən tendensiyanın 2021-ci ildə də davam edəcəyi istisna edilmir. BVF dünya iqtisadiyyatı ilə bağlı proqnozlarını oktyabr ayında yeniləyərək 2020-ci ildə qlobal iqtisadiyyatın 4,4% azalacağını proqnozlaşdırıb.

"COVID-19 böhranı və aşağı neft qiymətləri fonunda dünya iqtisadiyyatında gedən  neqativ proseslər bütövlükdə Azərbaycan iqtisadiyyatı üçün də mənfi təsirlərə malik çağırışlarla səciyyələnən xarici mühit formalaşdırmışdır.  Pandemiyanın iqtisadiyyata mümkün mənfi təsirlərinin azaldılması, əhalinin sosial rifahının qorunması və iqtisadi inkişafın davamlılığının təmin edilməsi üçün dövlət tərəfindən  həyata keçirilən tədbirlərlə ölkə iqtisadiyyatının tənəzzül fazasına daxil olmasının qarşısının alınması mümkün olmasa da, onun daha kəskin enişinin qarşısı alınıb", - izahatda deyilir.

Emil İsmayılov

Digər xəbərlər