Novak: "OPEC+" razılaşması neft qiymətlərinə müsbət təsir göstərib

Novak: "OPEC+" razılaşması neft qiymətlərinə müsbət təsir göstərib
# 09 dekabr 2020 16:22 (UTC +04:00)

"OPEC+" (OPEC-in və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs) razılaşması neft qiymətlərinə müsbət təsir göstərib.

"APA-Economics"in məlumatına görə, bunu Rusiya Baş nazirin müavini Aleksandr Novak deyib.

Onun sözlərinə görə, hazırda benzinə olan tələbat böhran dövrünə nisbətən xeyli yüksəkdir və bu, nikbinliyə səbəb olur.

A. Novak onu da qeyd edib ki, "OPEC+"un qərarı Rusiya Federasiyasının maraqlarına tam cavab verir və hasilatı gündə 125 min barel artırmağa imkan verir: "Rusiya yanvar ayından etibarən neft hasilatını 31% bərpa edəcək".

Qeyd edək ki, 12 aprel tarixli "OPEC+" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edir.

Cari ilin 3 dekabr tarixində "OPEC+" nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının "OPEC+" ölkələri tərəfindən 7,2 mln. barel, müvafiq olaraq razılaşmanın iştirakçısı kimi ölkəmiz tərəfindən isə 123 min barel azaldılması nəzərdə tutulub. Bununla da, 2021-ci ilin yanvar ayında ölkə üçün təklif olunan gündəlik neft hasilatı 595 min barel səviyyəsində müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR