"OPEC+" Monitorinq Komitəsi qeyri-rəsmi məsləhətləşmələr keçirəcək

"OPEC+" Monitorinq Komitəsi qeyri-rəsmi məsləhətləşmələr keçirəcək
# 27 noyabr 2020 15:03 (UTC +04:00)

Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak və Səudiyyə Ərəbistanının energetika naziri Abdel Aziz bin Salman noyabrın 28-də "OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) Monitorinq Komitəsinin üzvləri ilə qeyri-rəsmi məsləhətləşmələr aparacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə TASS OPEC-dəki iki mənbəyə istinadən xəbər verir.

Məlumata görə, bu, 30 noyabr – 1 dekabr tarixlərində keçiriləcək "OPEC+" nazirlərinin toplantısından əvvəl komitə üzvlərinin son danışıqları olacaq.

Qeyd olunur ki, "OPEC+" razılaşmasının iştirakçıları arasında hazırda tətbiq olunan hasilatın azaldılması (gündəlik 7,7 mln. barel) üzrə məhdudiyyətlərin vaxtının uzadılması barəsində konsensus hələ əldə edilməyib.

Aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR