"OPEC+": Neftə tələbatın artımı daha sürətli ola bilər

"OPEC+": Neftə tələbatın artımı daha sürətli ola bilər
# 04 fevral 2021 10:22 (UTC +04:00)

Bu il neftə olan tələbatın artım templəri gözləniləndən daha sürətli ola bilər. Xüsusilə də bu tendensiya ilin ikinci yarısında müşahidə edilə bilər.

"APA-Economics"in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ötən gün keçirilən "OPEC+" nazirlərinin monitorinq komitəsinin iclasının nəticələrinə dair hesabatda qeyd edilir.

Məlumata görə, "OPEC+" monitorinq komitəsinin növbəti iclası martın 3-də baş tutacaq.

Sənəddə qeyd edilir ki, COVID-19 peyvəndlərinin dünyada geniş yayılması, xüsusilə 2021-ci ilin ikinci yarısında, daha sürətli iqtisadi artıma gətirib çıxarda bilər, bu da neft istehlakının artımına səbəb ola bilər.

Bazarda pozitiv tendensiyalara baxmayaraq, komitə neft istehsal edən ölkələri erkən uğurlara aldanmamağa çağırır ki, bu da neft bazarında hələ də bir çox qeyri-müəyyənliklərin olmasından irəli gəlir.

Xatırladaq ki, 2020-ci il 12 aprel tarixli "OPEC+" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edirdi. 2020-ci ilin 3 dekabr tarixində "OPEC+" nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən, 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının "OPEC+" ölkələri tərəfindən 7,2 mln. barel, müvafiq olaraq Azərbaycan tərəfindən isə 123 min barel azaldılması nəzərdə tutulub. Bununla da, cari ilin yanvar ayında Azərbaycan üçün təklif olunan gündəlik neft hasilatı 595 min barel səviyyəsində müəyyən edilib. 2021-ci ilin 5 yanvar tarixində "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında isə gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,05 mln. barel təşkil edəcək. Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. Beləliklə, yanvar, fevral və mart aylarında Azərbaycan gündəlik xam neft hasilatını 2020-ci ilin dekabr ayına nisbətən 8 min barel artıraraq hasilatı 595 min barel səviyyəsində saxlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR