"OPEC+" neft hasilatının tədricən artım ssenarisini müzakirə edir

"OPEC+" neft hasilatının tədricən artım ssenarisini müzakirə edir
# 22 mart 2021 13:06 (UTC +04:00)

OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) rəhbərliyi "OPEC+"(OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri ilə bir sıra telefon danışıqları aparıb.

"APA-Economics"in məlumatına görə, bu barədə "RİA Novosti"yə təşkilatda olan etibarlı mənbə məlumat verib. Danışıqlar prosesində COVID-19-a qarşı vaksinasiyanın yavaşlaması, bazarda defisitin yaranması riskləri və neft hasilatının tədricən artım ssenarisi müzakirə edilib.

Mənbə bildirib ki, "OPEC+"un neft hasilatının tədricən artım ssenarisi müzakirə olunsa da, hələ heç bir qərar qəbul edilməyib və hər şey növbəti görüşdə aydın olacaq.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 13-cü və 14-cü iclaslarında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral, mart və aprel aylarında davam etdirilməsi ilə bağlı razılaşma əldə edilib. Qərarlara əsasən, Azərbaycanın qeyd edilmiş dövr üzrə öhdəliyinin yanvar ayında olduğu kimi 123 min barel həcmində qalacağı nəzərdə tutulub. Gündəlik xam neft hasilatı isə 595 min barel səviyyəsində saxlanılacaq. "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları isə apreldə 6,9 mln. barel təşkil edəcək.

Xatırladaq ki, bu ilin fevral ayında Azərbaycan üzrə gündəlik neft (kondensatla birlikdə) hasilatı 741 min barel olub. Qeyd olunan həcmlərin 593 min barelini xam neft, 148 min barelini isə kondensat təşkil edib. Bununla da Azərbaycan “OPEC+” razılaşması çərçivəsində öhdəliklərini, demək olar, tam yerinə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR