OPEC ölkələri dekabrda "OPEC+" öhdəliklərini 102% yerinə yetirib

OPEC ölkələri dekabrda "OPEC+" öhdəliklərini 102% yerinə yetirib
  • Clock-gray 17:48
  • calendar-gray 14 Yanvar 2021

OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri ötən ilin dekabr ayında gündəlik neft istehsalını 278 min barel artıraraq 25,36 mln. barelə çatdırıb.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, artım əsasən Liviyanın hesabına baş verib. Belə ki, ay ərzində ölkə gündəlik neft hasilatını 136 min barel artıraraq bu göstəricini 1,22 mln. barelə çatdırıb.

Qeyd edək ki, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öz öhdəliklərini 102% yerinə yetirib. Hesabata qeyd edilir ki, "OPEC+" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib. Beləliklə, noyabrda razılaşmada iştirak edən 10 ölkənin gündəlik neft hasilatı 21,7 mln. barel təşkil edib ki, bu da plan göstəricisindən 115 min barel azdır.

Xatırladaq ki, 2020-ci il 12 aprel tarixli "OPEC+" razılaşmasının gündəlik xam neft hasilatının ümumilikdə 7,7 mln. barel azaldılması ilə bağlı ikinci mərhələsi 1 avqust – 31 dekabr tarixlərini əhatə edirdi. 2020-ci ilin 3 dekabr tarixində "OPEC+" nazirlərinin 12-ci iclasında qəbul edilmiş qərara əsasən, 2021-ci ilin yanvar ayı üçün gündəlik xam neft hasilatının "OPEC+" ölkələri tərəfindən 7,2 mln. barel, müvafiq olaraq Azərbaycan tərəfindən isə 123 min barel azaldılması nəzərdə tutulub. Bununla da, cari ilin yanvar ayında Azərbaycan üçün təklif olunan gündəlik neft hasilatı 595 min barel səviyyəsində müəyyən edilib. 2021-ci ilin 5 yanvar tarixində "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında isə gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. Yeni razılaşmaya əsasən, "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,05 mln. barel təşkil edəcək. Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. Beləliklə, yanvar, fevral və mart aylarında Azərbaycan gündəlik xam neft hasilatını 2020-ci ilin dekabr ayına nisbətən 8 min barel artıraraq hasilatı 595 min barel səviyyəsində saxlayacaq.

Emil İsmayılov

Digər xəbərlər