"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri 2021-ci ilin bir neçə rübü ərzində neft hasilatındakı məhdudiyyətlərin yumşaldılmasının təxirə salınması, yəni mövcud azalma səviyyəsini qoruyub-saxlanılması (gündəlik 7,7 mln. barel) məsələsini müzakirə edir.
"APA-Economics"in məlumatına görə, bu barədə "Bloomberg" OPEC-dəki mənbələrinə istinadən xəbər verir.
Məlumata görə, istehsalın daha əhəmiyyətli dərəcədə azaldılması təklifi "OPEC+" ölkələri arasında hələ də geniş dəstək qazanmayıb.
Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.
Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.