"OPEC+" ölkələri oktyabrda öhdəliklərini 101% yerinə yetirib

"OPEC+" ölkələri oktyabrda öhdəliklərini 101% yerinə yetirib
# 17 noyabr 2020 10:06 (UTC +04:00)

"OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ölkələri neft hasilatının azaldılması üzrə öhdəliklərini oktyabrda 101% yerinə yetirib və bununla da, gündəlik 7,8 mln. barel neftin bazardan çıxarılmasına müvəffəq olub.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "OPEC+" texniki komitəsinin təqdimatında deyilir.

Məlumata əsasən, sentyabrda "OPEC+" ölkələri razılaşma çərçivəsində öhdəliklərini 102% yerinə yetirmişdi.

Təqdimatda qeyd edilir ki, oktyabr ayında 10 OPEC ölkəsi razılaşma çərçivəsində öhdəliklərinin 105%, qeyri-OPEC ölkələri isə 96% yerinə yetirib.

Xatırladaq ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 mln. barel, iyul-dekabrda 7,7 mln. barel, 2021-ci ildən 2022-ci ilin aprel ayının sonuna qədər 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

Bununla yanaşı, OPEC-in üzv və qeyri-üzv ölkələrinin nazirlərinin iyunun 6-da video-konfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR