"OPEC+" razılaşması 2022-ci ilin sonunadək uzadıla bilər

"OPEC+" razılaşması 2022-ci ilin sonunadək uzadıla bilər
# 21 dekabr 2020 13:03 (UTC +04:00)

"OPEC+" (Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri tərəfindən əldə edilən razılaşma müəyyən bir müddəti əhatə etmir və 2022-ci ilin sonuna qədər uzadıla bilər.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika naziri Şahzadə Abdel Aziz bin Salman deyib.

"OPEC+ çərçivəsində neft istehsal edən ölkələrin iş birliyinə dair bəyannamədə razılaşmanın hər hansı bir konkret müddəti göstərilmir. Bu razılaşma sayəsində əhəmiyyətli nailiyyətlər əldə etməyi bacardıq. Razılaşdıq ki, o, 2022-ci ilin aprel ayının sonunadək qüvvədə olacaq, lakin bu müddət ilin sonunadək uzadıla bilər" – nazir deyib.

Xatırladaq ki, OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barel azaldılması və "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsi ilə gündəlik hasilatda artımın 0,5 mln. bareldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib. Bu qərarı Azərbaycan da dəstəkləyib.

Beləliklə, gələn ilin yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 mln. barel, qeyri-OPEC ölkələri isə 2,636 mln. barel azaldacaq. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq, 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barel olacaq. Yəni yanvarda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq, istehsalı 595 min barel səviyyəsində saxlamalıdır.

Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma öhdəliklərin 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonunadək 1,9 mln. barel yumşaldılmasını, yəni ümumilikdə gündəlik xam neft hasilatının 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR