Prezident İlham Əliyev: “Həm Azərbaycanın, həm də Ukraynanın çox böyük və zəngin turizm imkanları var”

Prezident İlham Əliyev: “Həm Azərbaycanın, həm də Ukraynanın çox böyük və zəngin turizm imkanları var”
  • Clock-gray 17:05
  • calendar-gray 17 Dekabr 2019

“SOCAR artıq uzun illərdir ki, Ukraynada fəaliyyət göstərir, altmışdan çox yanacaqdoldurma məntəqəsi, dörd neft bazası var. Bu gün biz bir daha bu məsələni müzakirə edərkən razılığa gəldik ki, SOCAR Ukraynadakı fəaliyyətini genişləndirəcək və konkret addımlar atılacaq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşdən sonra mətbuata bəyanatında deyib.

Dövlət başçısı qeyd edib ki, əvvəlki illərdə kənd təsərrüfatı sahəsində əməkdaşlıq aparılırdı: “Biz Ukraynadan 400-dən çox kənd təsərrüfatı texnikasını almışıq və bu əməkdaşlığı davam etdirmək istəyirik.

Digər önəmli məsələ, - bu gün bu məsələyə kifayət qədər böyük vaxt ayrıldı, - turizmin inkişafıdır. Həm Azərbaycanın, həm Ukraynanın çox böyük və zəngin turizm imkanları var. Bu sahədə də birgə əməkdaşlıq, təcrübə mübadiləsi, birgə layihələr müzakirə edildi, geniş fikir mübadiləsi aparıldı və konkret tapşırıqlar verildi”.

Prezident İlham Əliyev bildirib ki, həm Ukraynada, həm Azərbaycanda nəqliyyat sahəsində müasir logistika və infrastruktur mövcuddur.

“Xəzər dənizi, Qara dəniz nəqliyyat dəhlizləri bizim ölkəmizin iştirakı ilə fəaliyyət göstərir. Mən Prezidentə məlumat verdim ki, son illərdə Azərbaycanda bu sahəyə çox böyük investisiyalar qoyulub. Artıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçməklə geniş beynəlxalq əməkdaşlığa da təkan verir, əməkdaşlıq üçün yeni imkanlar açır. Ona görə bu sahədə birgə səylərlə reallaşdırılan Şərq-Qərb nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, “Vikinq” layihəsi – bütün bu layihələr bizim ölkələrimizi və geniş mənada regional əməkdaşlığı daha da möhkəmləndirəcək, ölkələrimizə fayda verəcək”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.

Dövlət başçısı görüşdə humanitar sahədə əməkdaşlığa da yer ayrıldığını diqqətə çatdırıb: “Təbii ki, humanitar sahədə əməkdaşlığa da yer ayrıldı. Azərbaycanda Ukrayna mədəniyyətinə çox böyük hörmət var, Ukrayna dili tədris edilir. Bakı Slavyan Universitetində Ukrayna Mərkəzi var. Eyni zamanda, Ukraynanın ali məktəblərində Azərbaycan tarixinə, ədəbiyyatına kifayət qədər böyük yer ayrılır. Təbii ki, humanitar sahədə əməkdaşlıq ümumi əməkdaşlığa da müsbət təsir göstərir”.

apa-logo-mini

Digər xəbərlər