Professor: "SOCAR-ın xarici investisiyaları ölkəmizin gəlirlərinin sabitliyini və davamlılığını təmin edəcək"

Professor: "SOCAR-ın xarici investisiyaları ölkəmizin gəlirlərinin sabitliyini və davamlılığını təmin edəcək"
# 21 yanvar 2020 15:48 (UTC +04:00)

SOCAR dünyanın müxtəlif ölkələrinə investisiya yatırır. Hazırda şirkət Türkiyə, İsveçrə, Gürcüstan, Ukrayna və s. ölkələrdə investisiya layihələri reallaşdırır.

Ümumiyyətlə, SOCAR-ın xarici investisiyaları Azərbaycana hansı iqtisadi töhfə verəcək?

Bununla bağlı açıqlama verən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professoru, iqtisad elmləri doktoru Qənimət Səfərov həmin sərmayələrin ölkənin gəlirlərinin sabitliyini və davamlılığını təmin edəcəyini deyib.

"SOCAR dünyanın bir sıra ölkələrinə investisiya qoyur və bundan gəlir əldə edir. Şirkətin hasilatla yanaşı, həm də neft və qazın emalı, nəqli, satışı üçün nəzərdə tutulan layihələrə sərmayə qoyaraq investisiya portfelini şaxələndirməsi müsbət haldır", - deyə professor bildirib.

Onun sözlərinə görə, menecmentin funksiyalarından biri olan marketinq funksiyasının prinsiplərinə əsasən, səmərəli işin təşkili bazarların əldə saxlanılması, gəlirlərin maksimallaşdırılması və yeni bazar seqmentinin müəyyən edilməsindən keçir: "Bu mənada SOCAR-ın müxtəlif ölkələrdə yeni bazar qazanması həm diversifikasiya, həm də risklərin azaldılması baxımından çox əhəmiyyətlidir".

"Bu sərmayələr bir tərəfdən yeni infrastruktur layihələri həyata keçirməyə imkan verir ki, bu da multiplikator effekti yaradır. Digər tərəfdən həmin investisiyalar hesabına gələcəkdə dünyanın müxtəlif ölkələrində yeni neft-emalı, neft-kimya zavodlarının tikintisinə sərmayə qoymaq mümkün olacaq. Bu isə öz növbəsində Azərbaycana yeni dividendlər gətirməklə ölkənin gəlirlərinin sabitliyini və davamlılığını təmin edəcək", - deyə Q. Səfərov fikrini tamamlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR