Qlobal polad istehsalı azalıb

Qlobal polad istehsalı azalıb
# 25 sentyabr 2020 10:30 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında dünyada polad istehsalı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 4,2% azalaraq 1,188 mlrd. ton təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə Dünya Polad Assosiasiyasının (World Steel Association – WSA) materiallarında deyilir.

Xüsusilə, hesabat dövründə Rusiya polad istehsalını 3,3% (46,604 mln. tonadək), Ukrayna – 6,6% (13,683 mln. tonadək), Qazaxıstan isə 22% (2,13 mln. tonadək) azaldıb.

Avropa İttifaqı ölkələrində polad istehsalı 18,6% azalaraq 88,006 mln. tona enib, o cümlədən Almaniyada istehsal 16,5% (22,71 mln. tonadək), İtaliyada – 17% (12,755 mln. tonadək), Fransada – 27,6% (7,264 mln. tonadək), İspaniyada isə 26,9% (6,884 mln. tonadək) azalıb.

WSA-in məlumatına görə, hesabat dövründə Şimali Amerika polad istehsalı 65,614 mln. ton təşkil edib ki, bu da illik ifadədə 19% azdır. Xüsusilə, ABŞ-da istehsal 10,8% azalaraq 47,41 mln. tona bərabər olub. Cənubi Amerikada polad istehsalı 24,169 mln. ton olub ki, bu da ötənilki göstəricidən 15,2% azdır. Braziliya cari ilin səkkiz ayında polad istehsalını 11,6% azaldıb (19,773 mln. ton).

Yanvar-avqustda Asiya ölkələri 882,922 mln. ton polad istehsal edib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 0,7% azdır. Eyni zamanda, Çin polad istehsalını 3,7% artıraraq 688,889 mln. tona çatdırıb. Afrika ölkələrində isə istehsal 18,6% azalaraq 7,674 mln. ton təşkil edib. Yaxın Şərqdə 25,977 mln. ton (-1,4%), Okeaniyada isə (Avstraliya və Yeni Zelandiya) 4,031 mln. ton (-1,7%) polad istehsal olunub.

Xatırladaq ki, cari ilin səkkiz ayında Azərbaycanda polad istehsalı illik ifadədə 27,7% azalaraq 163,2 min ton təşkil edib.

Qeyd edək ki, 2019-cu ildə dünyada polad istehsalı 2018-ci illə müqayisədə 3,4% artaraq təxminən 1,87 mlrd. tona bərabər olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR