Rusiya "OPEC+" çərçivəsində neft hasilatının artırılmasını dəstəkləyəcək

Rusiya "OPEC+" çərçivəsində neft hasilatının artırılmasını dəstəkləyəcək
# 25 dekabr 2020 12:46 (UTC +04:00)

Qlobal bazarda vəziyyət stabil olsa, Rusiya "OPEC+" ölkələri tərəfindən 2021-ci ilin fevral ayında gündəlik neft hasilatını 500 min barel artırılmasını dəstəkləyəcək.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib.

"Vəziyyət normal, sabit olsa, artımı dəstəkləyəcəyik, çünki bazarı sarsıtmadan, əvvəlcədən yanvarın 1-dən nəzərdə tutduğumuz göstəricilərə çıxmalıyıq", - deyə A. Novak qeyd edib.

Xatırladaq ki, OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barel azaldılması və "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsi ilə gündəlik hasilatda artımın 0,5 mln. bareldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib. Bu qərarı Azərbaycan da dəstəkləyib.

Beləliklə, gələn ilin yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 mln. barel, qeyri-OPEC ölkələri isə 2,636 mln. barel azaldacaq. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq, 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barel olacaq. Yəni yanvarda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq, istehsalı 595 min barel səviyyəsində saxlamalıdır.

Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma öhdəliklərin 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonunadək 1,9 mln. barel yumşaldılmasını, yəni ümumilikdə gündəlik xam neft hasilatının 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR