SOCAR: "Abşeron" layihəsinin icrasında hər hansı dəyişiklik nəzərdə tutulmur

SOCAR: "Abşeron" layihəsinin icrasında hər hansı dəyişiklik nəzərdə tutulmur
# 14 may 2020 14:39 (UTC +04:00)

Mayın 14-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Fransanın Azərbaycandakı səfiri Zakari Qrosu qəbul edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Fransa şirkətləri ilə SOCAR-ın əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə səfir energetika sahəsinin Fransa və Azərbaycan arasında əməkdaşlığın əsas sütunlarından olduğunu qeyd etmiş, bu münasibətlərin səmərəli inkişafından məmnunluğunu bildirilib. Fransanın TOTAL şirkətinin “Abşeron” layihəsində SOCAR-la birlikdə iştirak etdiyi, bu layihənin uğurlu icrasının Fransa üçün də böyük əhəmiyyət daşıdığı vurğulanıb.

Məlumata əsasən, qeyd olunmuşdur ki, COVID-19 pandemiyası ilə əlaqədar bütün dünyada hökm sürən iqtisadi tənəzzülə baxmayaraq, “Abşeron” layihəsinin icrasında hər hansı dəyişiklik nəzərdə tutulmur, işlər plan üzrə davam etdirilir. Yaxın müddətdə birinci fazanın işlənməsi çərçivəsində ilk məhsulun çıxarılması planlaşdırılır.

Görüşdə Fransanın digər şirkəti, mühəndislik sahəsində zəngin beynəlxalq təcrübəyə malik “Technip”in SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin moderinizasiyasında baş podratçı qismində iştirak etməsinə toxunulmuş, bu layihənin də qrafikə əsasən uğurla icra olunduğu bildirilib. Səfir həmçinin SOCAR-ın dəstəyi ilə fəaliyyət göstərən Fransız liseyinin fəaliyyətindən söz açmış, təhsil müəssisəsini bir neçə dəfə ziyarət etdiyini söyləmiş və orada təhsil alan şagirdlərin valideynlərinin məmnunluğunu Rövnəq Abdullayevin diqqətinə çatdırıb. Tərəflər həmçinin ətraf mühitin qorunması ilə bağlı Xəzər Regionunda Ətraf Mühitin Mühafizəsi Təşəbbüsü çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə etmiş, gələcək tərəfdaşlıq üçün uğurlu perspektiv vəd edən digər istiqamətlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR