SOCAR: Azərbaycan qaz tələbatını öz imkanları hesabına ödəyir

SOCAR: Azərbaycan qaz tələbatını öz imkanları hesabına ödəyir
# 27 fevral 2020 12:59 (UTC +04:00)

Hazırda Azərbaycanın təbii qaza olan bütün ehtiyacları tam yerli qazın hesabına ödənilir.

Bunu “APA-Economics”ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, Xəzər dənizində yerləşən “Şahdəniz” qaz-kondensat yatağında qaz hasilatının artması sayəsində Azərbaycan təbii qaz idxalından tamamilə imtina edib.

“Hazırda həm daxili bazar istehlakı, həm də ixrac öhdəlikləri yalnız Azərbaycan qazının hesabına təmin edilir”, - deyə İ. Əhmədov qeyd edib.

Qeyd edək ki, ötən il Azərbaycanda 35,6 mlrd. kubmetr təbii qaz istehsal edilib. Hasil edilən təbii qazın 24,53 mlrd. kubmetri əmtəəlik qazın payına düşüb. 2018-ci ilin göstəricisi ilə müqayisədə ölkədə qaz hasilatı 16,3%, əmtəəlik qaz hasilatı isə 27,7% artıb.

Onu da əlavə edək ki, 2019-cu ildə ölkədə təbii qazın ümumi daxili istehlakı, il ərzində texniki sərfiyyat və itkilər çıxıldıqdan sonra 11,5 mlrd. kubmetr təşkil edib ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 918 mln. kubmetr və ya 8,7% çoxdur.

Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyinin məlumatına görə, bu ilin fevralın 10-dan etibarən ilk dəfə olaraq ölkədə qaza tələbat gözlənildiyindən xeyli artıb. Qeyd olunan tarixdə respublika üzrə qaza tələbat sutkalıq 41 mln. kubmetrə çatıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28% çoxdur. Ötən il bu gün (10 fevral 2019 il) üçün tələbat 32 mln. kubmetrə yaxın olub. 2019-cu ilin təcrübəsinə görə sutkalıq tələbat 35 mln. kubmetri keçmirdi (maksimum göstərici – red.).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR