"SOCAR Construction" Mozır NEZ-də hidrokrekinq qurğusunun montajını başa çatdırıb - FOTO

"SOCAR Construction" Mozır NEZ-də hidrokrekinq qurğusunun montajını başa çatdırıb - FOTO
  • Clock-gray 16:53
  • calendar-gray 13 Yanvar 2021

“SOCAR Construction” şirkəti Belarusun Mozır neft emalı zavodunun (NEZ) hidrokrekinq qurğusunun montajını başa çatdırıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, Mozır Belarusun ikinci ən iri neft emal zavodu olaraq, son illərdə regionda icra olunmuş ən böyük miqyaslı tikinti layihəsi hesab olunur.

Zavodun əsas obyektlərindən biri olan, ağır neft qalıqlarının hidrokrekinqi Kompleksində montaj işlərinə 2019-cu ilin avqust ayında start verilmişdir.

Xüsusi çətinliyi ilə seçilən montaj işlərinin icrası üzrə nəzəriyyəçi və praktiklərin böyük əksəriyyəti hidrokrekinq kompleksini əsaslı olaraq əsl meqalayihə kimi qiymətləndirir. MDB ərazisində analoqu olmayan bu meqaqurğuda dünyada cəmi 8-i mövcuddur.

Bu layihənin məsuliyyət dərəcəsini, habelə Belarus Respublikasının rəhbərliyi tərəfindən təyin olunmuş çox qısa vaxt məhdudiyyətini nəzərə alaraq, layihə işlərinin icrası üçün yalnız qüsursuz biznes-reputasiyasına malik ən yaxşı xidmət təchizatçıları seçilmişdi. Kompleksin inşasında iştirak üçün seçilmiş şirkətlərin sırasında “SOCAR Construction” şirkəti də olub. “SOCAR Construction” şirkəti texnoloji boru kəmərlərinin bütün montaj işlərini, o cümlədən boru kəməri armaturunun montajını, iriləşdirici yığma işlərini və termik emalı, qaynaqlanmış birləşmələrin müdaxiləsiz yoxlanılmasını, lak-boya örtüyünün vurulmasını, hidravlik və pnevmatik sınaq işlərini həyata keçirib.

Layihə həyata keçirildiyi müddətdə müxtəlif materiallardan 13 km-dən çox texnoloji boru kəməri xətti (o cümlədən avadanlıqlar) montaj olunub. Qaynaqlanmış birləşmə yerlərinin sayı 46 mini ötüb (WDI-70000).

5 000-dən çox klapan və bağlayıcı-tənzimləyici armaturun quraşdırılması və montajı yerinə yetirilmişdir. 3,8-54,4 metr səviyyələrində montaj olunmuş təkcə iri-ölçülü (9 tona qədər çəkisi olan) avadanlıqların sayı 60 ədəddən çoxdur.

Komandanın birliyi və yüksək peşəkarlıq səviyyəsi, habelə düzgün qurulmuş idarəetmə sistemi sayəsində “SOCAR Construction” MMC əsas işlərini vaxtında icra edərək Mozır neft emalı zavodunun rəhbərliyindən müsbət rəylər alıb.

Mozır neft emalı zavodunun yenidənqurma və inkişaf üzrə direktoru A. A. Qud “SOCAR Construction” şirkətinin işini yüksək qiymətləndirib: “SOCAR Construction” MMC şirkətinin əməkdaşları xüsusilə təhlükəli obyekt və istehsalat müəssisələrinin sənaye tikintisi sahəsində ən yüksək bacarıq və ixtisas dərəcəsini nümayiş etdirmişdir. Üzərinə götürdüyü müqavilə öhdəliklərinin icrasında “SOCAR Construction” MMC şirkətinin əməkdaşları yüksək peşəkarlıq, təşkilatçılıq bacarığı və məsuliyyətlə fərqlənmişdir. Yuxarıda deyilənlər bu şirkəti sənaye tikinti layihələrinin layihə sənədlərinin tələblərinə uyğun tərzdə və Sifarişçinin təyin etdiyi müddətlər çərçivəsində uğurlu icrasına zəmanət verən, etibarlı tərəfdaş kimi xarakterizə edir”.

Hidrokrekinq kompleksi üçün boru kəmərinin montaj işləri üzrə müqavilə öhdəliklərini uğurla yekunlaşdırmış “SOCAR Construction” şirkəti Mozır NEZ-in istilik izolyasiyası işlərinə dair yeni sifarişini qəbul etmişdir.

Həmçinin, yaxın zamanda "SOCAR Construction” şirkətinin komandası İrkutsk neft şirkəti tərəfindən Markovo yatağının istismarına hazırlıq layihəsinə cəlb olunacaq.

Hüseyn Vəliyev

Digər xəbərlər