SOCAR "Ümid" yatağında yeni hasilat quyularının qazmasına hazırlaşır

SOCAR "Ümid" yatağında yeni hasilat quyularının qazmasına hazırlaşır
# 19 aprel 2021 11:03 (UTC +04:00)

Bu ilin ikinci yarısında SOCAR Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağında iki hasilat quyusunun qazılmasına başlamağı planlaşdırır.

Bu barədə "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, ötən ilin may ayında "Ümid-1" platformasından qazılmasına başlanmış istismar quyusu artıq 6 120 metr dərinliyinə qazılıb, lakin əməliyyat hələ tam olaraq başa çatdırılmayıb. Quyuda hazırda möhkəmləndirmə işləri aparılır.

"Bu quyu istismara veriləndən sonra "Ümid-1" platformasında yenidənqurma-tikinti işləri aparılacaq. Hasilatın artırılması məqsədilə ardıcıl olaraq iki quyunun qazma əməliyyatlarına başlanılması gözlənilir ki, bu işlər də ilin sonuna planlaşdırılıb", - İ. Əhmədov qeyd edib.

Qeyd edək ki, quyu istismara verildikdən sonra "Ümid" yatağından qaz hasilatının gündəlik 3-3,5 mln. kubmetrdən 4,5-5 mln. kubmetrə qədər artırılması gözlənilir. Yeni quyunun layihələndirilmə işləri SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnistutu tərəfindən aparılıb, Böyük Britaniyanın "Norwell" mühəndislik şirkəti ilə razılaşdırılıb. İlk dəfə olaraq burada bütün qazma prosesi "Umid Babek Operation Company" (UBOC) əməliyyat şirkəti tərəfindən idarə edilir.

Xatırladaq ki, "Ümid" yatağı 2010-cu ildə kəşf edilib. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. "Ümid" yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib.

Qeyd edək ki, 2017-ci il yanvarın 12-də "Ümid" yatağının və "Babək" perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la "SOCAR Umid Oil and Gaz Ltd." şirkəti arasında Risk Xidmət Sazişi imzalanıb. Bundan əlavə blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında "SOCAR Umid Oil and Gas Ltd." şirkəti və "Umid, Babek Exploration & Production" şirkəti arasında müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR