SOCAR-a yanvar-sentyabrda 4 mlrd. manatdan çox vəsait daxil olub

SOCAR-a yanvar-sentyabrda 4 mlrd. manatdan çox vəsait daxil olub
# 20 noyabr 2020 16:48 (UTC +04:00)

SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə şirkətin 2020-ci ilin 9 ayının maliyyə-təsərrüfat fəaliyyətinin yekunları ilə əlaqədar onlayn iclas keçirilib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev çıxışında qlobal pandemiya ilə əlaqədar hesabat dövrünün bütün iri neft və qaz şirkətləri üçün ağır keçdiyini qeyd etmiş, hazırkı şəraitdə qənaət rejiminin vacibliyindən danışıb, SOCAR-ın bu yolla maksimum səmərə əldə etməsinin zəruriliyini vurğulayıb.

Məlumata görə, sonra şirkətin İqtisadi məsələlər üzrə vitse-prezidenti Süleyman Qasımov 9 ayın iqtisadi göstəriciləri ilə bağlı hesabatı təqdim edib. Hesabatda bildirilmişdir ki, “OPEC+” razılaşmasının şərtlərinə əsasən, neft hasilatının müvəqqəti azaldılmasından irəli gələn islahat və optimallaşdırma tədbirləri diqqət mərkəzindədir.

Ötən 9 ay ərzində istehsal edilmiş məhsulun satışından (sırf ticarət əməliyyatları istisna olmaqla) şirkətin hesabına 4,1 mlrd. manat ümumi pul vəsaiti daxil olmuşdur ki, bunun da 2,8 mlrd. manatı (68,3 %) daxili bazarın, 1,3 mlrd. manatı (31,7 %) isə xarici bazarın payına düşür. 2019-cu ilin analoji dövrü ilə müqayisədə şirkətin istehsalat və xidmət fəaliyyətindən daxil olan vəsaitlər 863,7 mln. manat və ya 17% azalıb. Neft emalı və neft-kimya məhsullarının ixracından əldə edilən vəsaitlərdə artım müşahidə olunmuş, azalma isə əsasən xam neftin ixracından əldə edilən vəsaitlərdə və neft məhsullarının daxili bazarda satışında qeydə alınıb.

S. Qasımov məxaric maddələri üzrə göstəricilərə diqqət çəkərək, vurğulamışdır ki, əmək haqqı məbləği və sosial müdafiə fonduna ayırmalardan başqa bütün xərclər üzrə plana qarşı qənaət edilib, şirkətin maliyyə portfeli optimallaşdırılıb, investisiyaların həcmi azaldılıb. Bunun nəticəsində şirkətin xərcləri azaldılmış və proqnoza nisbətən 1,3 milyard manat vəsaitə qənaət olunmuşdur. Beləliklə, dünya bazarlarında lokdaun və neftin qiymətinin aşağı düşməsi nəticəsində SOCAR-ın məhsul satışından daxil olan pul vəsaitləri və buna uyğun olaraq xərcləri də azaldılmış, bununla da əməliyyatların dayanıqlığı təmin olunub.

İclasda SOCAR-ın vitse-prezidentləri Y. Lətifov, X. Məmmədov, M. İsmayılov, D. İskəndərov, “Azneft” İB-nin Baş direktoru Ş. Hüseynov idarə və müəssisələrinin xərclərinin və idarəetmə sisteminin optimallaşdırılması, qənaət rejiminin gücləndirilməsi məsələləri ətrafında fikirlərini bölüşüblər.

SOCAR prezidenti R. Abdullayev iclasa yekun vuraraq bildirmişdir ki, şirkətin bütün strukturlarında rəqəmsallaşma irəliləməli, vəsaitlərə maksimum qənaət olunmalı, 2021-ci ilin gəlir və xərclər smetası yaxın dövrdə hazırlanıb təqdim edilməlidir. Dünya bazarlarında hökm sürən çətin iqtisadi vəziyyət yeni çağırışlar gətirməklə, SOCAR-da aparılan islahatları da sürətləndirmişdir. R. Abdullayev qeyd etmişdir ki, aparılan islahatlar nəticəsində SOCAR-ın dayanıqlığı daha da artacaq, şirkət hazırkı böhrandan daha güclü çıxacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR