SOCAR dəniz neftçilərinin növbə dəyişməsinə start verib

SOCAR dəniz neftçilərinin növbə dəyişməsinə start verib
  • Clock-gray 15:57
  • calendar-gray 09 Aprel 2020

SOCAR-ın “Azneft” İstehsalat Birliyinin dəniz obyektlərində xidmət aparan neftçilərin növbə dəyişməsinə start verilib.

“Azneft”-dən “APA-Economics”ə verilən məlumata görə, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da koronavirus pandemiyasının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər davam etdirilir. İnsanlar arasında kütləvi yoluxmaların önünə keçmək məqsədilə ölkəmizdə xüsusi karantin qaydaları tətbiq edilir. Buna baxmayaraq, həkimlər, polislər və digər mühüm peşə sahibləri ilə yanaşı, qəhrəman neftçilər də bu gün iş başındadırlar.

Məlumata əsasən, artıq dəniz obyektlərində 15 gündən çox qalan işçilərin növbə dəyişməsinə başlanılıb. Belə ki, xüsusi ayrılmış karantin zonalarına yerləşdirilən işçilər həkim yoxlamalarından keçdikdən sonra qrup halında dənizə yola düşürlər. Bu günə kimi dəniz obyektlərində xidmət aparan təxminən 700 işçi növbə dəyişib. Proses mərhələli şəkildə davam etdirilir.

Qeyd edək ki, virusun yayılmasına qarşı “Azneft” İstehsalat Birliyində qabaqlayıcı tədbirlər görülür. SOCAR prezidentinin əmrinə əsasən, İstehsalat Birliyinin idarəetmə aparatında koronavirus pandemiyasının yayılmasının vaxtında qarşısının alınması, lazımi-zəruri profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə yaradılan fövqəladə əksepidemik qərargah hazırda tam gücü ilə öz fəaliyyətini davam etdirir. Həftənin 7 günü, sutkanın 24 saatı ərzində daxil olan müraciətlər araşdırılır və operativ qərarlar verilir. İB-də koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün zəruri olan bütün addımlar atılır, profilaktik tədbirlər daha da gücləndirilir, mövcud vəziyyət daim nəzarət altında saxlanılır.

Emil İsmayılov

Digər xəbərlər