SOCAR hazırda xaricdə yeni YDM şəbəkəsi almaq niyyətində deyil

SOCAR hazırda xaricdə yeni YDM şəbəkəsi almaq niyyətində deyil
# 30 aprel 2020 15:42 (UTC +04:00)

Hazırkı mərhələdə SOCAR Azərbaycandan kənarda yanacaqdoldurma məntəqələri şəbəkələrinə investisiya yatırmaq niyyətində deyil.

"APA-Economics"in "Vestnik Belneftexima"a istinadən verdiyi məlumata görə, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov, SOCAR brendi altında Belarusda YDM şəbəkəsinin açılması imkanları ilə bağlı sualı cavablandırarkən deyib.

Onun sözlərinə görə, xaricdə yanacaqdoldurma məntəqələri şəbəkəsinin inkişaf etdirilməsi sahəsində SOCAR-ın kifayət qədər təcrübəsi var.

"Hazırda mövcud olan biznesə inteqrasiyada olan Azərbaycandan kənarda yerləşən yanacaqdoldurma məntəqələri şəbəkəsinin açılması imkanlarını nəzərdən keçiririk. Məsələn, Türkiyədə mövcud bir neft emalı zavoduna ( "Star Rafineri" - red.) əlavə olaraq yanacaqdoldurma məntəqələri şəbəkəsinin inkişafı imkanı dəfələrlə öyrənilib. Lakin heç bir sərfəli həll yolu tapılmayıb", - deyə İ. Əhmədov qeyd edib.

Xatırladaq ki, SOCAR Azərbaycanla yanaşı bir sıra xarici ölkələrdə (Gürcüstan, Ukrayna, Rumıniya, İsveşrə və s.) yanacaqdoldurma şəbəkələrinin sahibidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR