SOCAR ötən il 170 min tondan çox karbamid istehsal edib

SOCAR ötən il 170 min tondan çox karbamid istehsal edib
# 16 yanvar 2020 17:32 (UTC +04:00)

"Ötən il SOCAR-ın Karbamid zavodu 171 min ton karbamid istehsal edib".

Bunu "APA-Economics"ə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, istehsal edilən karbamidin 107 min tonu Türkiyə, Rumıniya, Moldova, Rusiya, Ukrayna, Bolqarıstan, Braziliya və digər ölkələrə ixrac edilib.

"Ötən il istehsal edilən karbamidin bir hissəsinin ixracı statistik olaraq bu ilin payına düşür", - deyə, İ. Əhmədov bildirib.

O əlavə edib ki, bu səbəbdən ötən il istehsal ilə ixrac arasında olan fərqi (64 min ton – red.) daxili bazara aid etmək lazım deyil.

İ. Əhmədov qeyd edib ki, ölkədə karbamid istehlakının səviyyəsi əvvəlcədən aşağı olub. Bu, onunla bağlıdır ki, bu növ gübrə əvvəllər idxal olunurdu və bu səbəbdən sözügedən məhsul alıcılar üçün baha başa gəlirdi. Buna görə fermerlər ənənəvi olaraq tərkibində daha az azot olan və bu səbəbdən daha ucuz gübrələrə üstünlük verirdi, İ. Əhmədov deyib.

"Bununla yanaşı, qısa və ortamüddətli perspektivdə biz istehlakın artmasını və onun səviyyəsinin zavodun istehsal etdiyi karbamidin 30%-nə çatacağını gözləyirik", - deyə SOCAR-ın nümayəndəsi qeyd edib.

Xatırladaq ki, SOCAR Karbamid zavodu 16 yanvar 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilmişdir. Zavod 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir. İstehsal həcminin təxminən 70%-i ixrac üçün nəzərdə tutulub ki, bu da ölkəyə ildə 160 mln. ABŞ dollarınadək əlavə gəlir əldə etməyə imkan verəcəkdir. SOCAR karbamid zavodu hazırda qeyri-neft sektorunda həyata keçirilən, ümumi dəyəri təxminən 800 mln. avro olan ən böyük layihədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR