SOCAR və "Total" arasında "Abşeron" yatağı üzrə əhəmiyyətli razılaşmalar əldə olunub

SOCAR və "Total" arasında "Abşeron" yatağı üzrə əhəmiyyətli razılaşmalar əldə olunub
  • Clock-gray 16:55
  • calendar-gray 11 Dekabr 2019

SOCAR və Fransanın "Total" şirkəti Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağından hasil ediləcək təbii qazın dəyəri və layihənin genişləndirilməsi ilə bağlı həll edilməmiş məsələlər üzrə razılığa gəliblər.

"APA-Economics"in məlumatına görə, bunu "Natural Gas News"a Azərbaycan hökumətindəki mənbə deyib.

Məlumatda qeyd edilir ki, bu yaxınlarda "Total"in vitse-prezidenti Arno Broyak (Arnaud Breuillac) Bakıda SOCAR rəsmiləri ilə görüşərək, 350 mlrd. kubmetr qaz hasil etməyi hədəfləyən "Abşeron" layihəsini müzakirə edib.

Mənbənin sözlərinə görə, tərəflər arasında qazın qiyməti üzrə fikir ayrılığının olmasına baxmayaraq, şirkətlər orta məxrəcə gələ biliblər.

"Buna baxmayaraq, tərəflər bir sıra əhəmiyyətli razılaşmalar əldə ediblər", - deyə mənbə bildirib.

Qeyd edək ki, "Abşeron" yatağının işlənməsinin birinci mərhələsi çərçivəsində hasil olunan qazı Azərbaycanın daxili bazarına yönəltmək planlaşdırılır.

"Natural Gas News" məlumatına görə, yataqdan hasil olunacaq qazının 50 mlrd. kubmetri yerli bazarın ehtiyaclarının ödənilməsinə yönəldiləcək. Yataqda hasil ediləcək daha 300 mlrd. kubmetr qaz isə ixrac edilərək Türkiyə və Avropa bazarlarına çıxarılacaq.

Bundan əlavə, mənbənin sözlərinə görə, tərəflər yataqda hasil edilən kondensatın satışı üzrə də razılığa gəliblər.

"SOCAR yataqdan hasil olunacaq bütün kondensatı alacaq və bunun müqabilində nəqliyyat xərclərini də nəzərə alan xüsusi bir düstura uyğun olaraq Türkiyənin Ceyhan limanında "Total"a neft çatdıracaq", - deyə mənbə əlavə edib.

Xatırladaq ki, "Abşeron" dəniz blokundan kəşfiyyat, inkişaf və paylaşılan saziş haqqında razılaşma 27 fevral 2009-cu il tarixində imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (50%) və "Total" (50% – layihənin operatoru) şirkətləridir. Müqavilə 30 il müddətinə imzalanıb.

Yatağın ehtiyatları 350 mlrd. kubmetrdən artıq qaz və 45 mln. ton kondensat həcmində qiymətləndirilir.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date