SOCAR və "Equinor"un kəşfiyyat layihəsində ilkin müsbət nəticələr əldə olunub

SOCAR və "Equinor"un kəşfiyyat layihəsində ilkin müsbət nəticələr əldə olunub
# 16 mart 2021 17:49 (UTC +04:00)

Martın 16-da SOCAR-ın prezidenti Rövnəq Abdullayev Norveçin "Equinor" şirkətinin yataqların işlənməsi və beynəlxalq hasilat üzrə vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, görüşdə əsasən SOCAR və "Equinor" şirkətləri tərəfindən bərabər pay bölgüsü əsasında həyata keçirilən "Qarabağ" yatağının işlənməsi, eləcə də "Dan Ulduzu"-"Əşrəfi"-"Aypara" perspektivli strukturlarında aparılmış ilkin kəşfiyyat işlərinin nəticələri və növbəti addımların planlaşdırılması müzakirə olunub.

"Dan Ulduzu"-"Əşrəfi"-"Aypara" perspektivli strukturlarında kəşfiyyat işlərinə 2018-ci ilin ikinci yarısında start verilib, 2019-cu ildə burada 2D və 3D seysmik kəşfiyyat işləri tamamlanıb. Nəticələr 2020-ci ildə emal olunub, hazırda nəticələrin interpretasiyası davam edir. İnterpretasiya prosesinin ilkin yekunları bu strukturlarda neft-qaz ehtiyatlarının gözlənildiyindən daha yüksək olduğunu göstərir. Qarşıdakı dövrdə ehtiyatların dəqiqləşdirilməsi məqsədi ilə kəşfiyyat qazması həyata keçirilə bilər.

Qeyd edək ki, dənizdə yerləşən "Əşrəfi", "Dan Ulduzu" və "Aypara" kəşfiyyat sahəsində aparılan seysmik tədqiqat işləri (2- və 3-ölçülü) 2019-cu ildə aparılıb.

Xatırladaq ki, SOCAR və "Equinor" şirkətləri arasında 2018-ci ilin may ayında "Xəzər dənizinin Azərbaycan sektorunda "Qarabağ" neft yatağının işlənməsi ilə əlaqədar risk xidməti" və "Xəzər dənizinin Azərbaycan sektorunda "Əşrəfi-Dan Ulduzu-Aypara" sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü" haqqında sazişlər imzalanıb.

"Dan Ulduzu" və "Əşrəfi" perspektiv strukturları Xəzər dənizində, Bakıdan şimal-şərqə doğru 100-110 kilometr məsafədə yerləşir. Burada dənizin dərinliyi 80-180 metrdir. "Aypara" sahəsi Bakıdan 90 km şimal-şərqdə, açıq dənizdə yerləşir, 1980-ci ildə seysmik kəşfiyyat işləri nəticəsində aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR