"Şahdəniz"dən 15 ildə 135 mlrd. kubmetr qaz hasil edilib

"Şahdəniz"dən 15 ildə 135 mlrd. kubmetr qaz hasil edilib
# 08 fevral 2021 11:11 (UTC +04:00)

Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağı istifadəyə veriləndən (2006-cı il) 2020-ci ilin axırınadək 135 mlrd. kubmetr qaz hasil edilib.

BP-dən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə yataqdan 32 mln. ton kondensat hasil edilib.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

BP-nin məlumatına görə, "Azəri-Çiraq-Günəşli" neft-qaz yataqları blokundan istifadəyə veriləndən ötən ilin axırınadək 3,8 mlrd. bareldən artıq neft hasil edilib.

Xatırladaq ki, AÇG-də pay bölgüsü bu nisbətdədir: BP - 30,37% (operator), AzACG (SOCAR) – 25,00%, MOL – 9,57%, "Inpex" – 9,31%, "Equinor" (keçmiş "Statoil") – 7,27%, "ExxonMobil" – 6,79%, TPAO – 5,73%, "Itochu" – 3,65% və "ONGC Videsh Ltd." (OVL) – 2,31%. Tərəflər arasında razılaşma 30 il müddətinə etibarlı idi (2024-ci ildə başa çatmalı idi). Buna baxmayaraq, 2017-ci il sentyabr ayının 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişi imzaladılar. AÇG-nin 2050-ci ilə qədər inkişafını əhatə edən yeni müqavilə əsrin ortalarınadək blokun inkişaf potensialını əhəmiyyətli dərəcədə artırmağa imkan yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR