Saltuk Düzyol: "TANAP-ın nəqletmədən illik gəlirləri 1,5 mlrd. dolları keçəcək"

Saltuk Düzyol: "TANAP-ın nəqletmədən illik gəlirləri 1,5 mlrd. dolları keçəcək"
# 20 noyabr 2020 17:32 (UTC +04:00)

Trans-Anadolu qaz kəməri (TANAP) tam nəqletmə gücünə çıxdıqdan sonra (2022-ci ildə) nəqldən əldə edilən illik gəlirlər 1,5 mlrd. ABŞ dollarından çox olacaq.

"APA-Economics"in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu TANAP konsorsiumunun baş direktoru Saltuk Düzyol deyib.

"Layihə ölkəmizin iqtisadiyyatına böyük bir töhfə verməyə davam edəcək", - S. Düzyol qeyd edib.

Onun sözlərinə görə, qazın nəqlindən əldə edilən illik gəlirin 500 mln. dollardan çoxu TANAP-da 30% paya malik olan Türkiyənin BOTAŞ şirkətinin payına düşəcək.

Hazırda TANAP-ın illik nəqletmə gücü 16 mlrd. kubmetrdir. Kəmərin nəqletmə gücü 31 mlrd. kubmetrədək artırıla bilər.

Qeyd edək ki, TANAP kəməri Cənubi Qaz Dəhlizinin (CQD) mərkəzi elementidir. Bu kəmər vasitəsi ilə hazırda Azərbaycan qazı Türkiyəyə nəql edilir. Bu il Trans-Adriatik qaz kəmərinin (TAP) işə düşdükdən sonra TANAP-la qaz Avropaya nəql edilmək üçün Türkiyə ilə Yunanıstanın sərhədinədək nəql edilməyə başlayacaq.

"Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi layihəsi çərçivəsində hasil olunan Azərbaycan təbii qazı əvvəlcə Türkiyəyə, sonra isə Avropaya nəql edəcək CQD ən önəmli həlqəsi olan TANAP-ın Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan hissəsi (Faza-0) 2018-ci il iyunun 12-də keçirilmiş beynəlxalq açılış mərasimində istifadəyə verilib, iyunun 30-da isə Türkiyəyə kommersiya məqsədli qazın axını başlayıb. Boru xəttinin Əskişəhərdən Türkiyə-Yunanıstan sərhədinə (İpsala) qədər olan ikinci hissəsində isə mexaniki tamamlama işləri 2018-ci ilin sonunda başa çatıb, ötən ilin aprelində xəttə sınaq məqsədilə qaz vurulub. Əlamətdar haldır ki, 2019-cu ilin noyabrında TANAP ikinci – Türkiyə ilə Avropa sərhədinə qədər olan, hissəsinin (Faza-1) təntənəli sürətdə istismara verilməsi mərasimi keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR