"Şəfəq-Asiman" dəniz blokunda ilk kəşfiyyat quyusunun dərinliyi 4 min metrə yaxınlaşır

"Şəfəq-Asiman" dəniz blokunda ilk kəşfiyyat quyusunun dərinliyi 4 min metrə yaxınlaşır
  • Clock-gray 11:00
  • calendar-gray 16 Noyabr 2020

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun (SAX01) dərinliyi artıq 3 864 metrə çatdırılıb.

Bu barədə "APA-Economics" BP-nin Azərbaycanda apardığı əməliyyatlar üzrə 2020-ci ilin ilk üç rübünün yekunlarına dair dərc etdiyi hesabata istinadən xəbər verir.

“Quyunun qazma işləri artıq 3864 metr dərinliyə çatıb və hazırda qazma əməliyyatları davam edir”, - hesabatda qeyd edilir.

Hesabata əsasən,  quyu layihə dərinliyinə çatdıqdan sonra, əldə edilmiş məlumatlar təhlil olunacaq və əgər uğurlu olarsa, nəticələri təsdiq etmək üçün qiymətləndirmə proqramı da həyata keçirilə bilər.  

“Şəfəq-Asiman” dəniz blokunda ilk kəşfiyyat quyusunun qazılmasına bu il yanvar ayının 13-də başlanmışdır.

Bu quyunun ümumi dərinliyinin 7 000 metrə çatacağı, qazma işlərinin isə təxminən doqquz ay davam edəcəyi planlaşdırılır. Sonra quyunun göstəriciləri təhlil ediləcəkdir.

SAX01 quyusunun qazma işləri SOCAR-ın “Caspian Drilling Company” (CDC) tərəfindən idarə olunan Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” dəniz blokunun birgə kəşfiyyatı və işlənməsi üçün HPBS SOCAR və BP arasında 2010-cu ilin oktyabrında Bakıda imzalanıb.

Bakıdan cənub-şərq istiqamətində təxminən 125 kilometrlik (78 mil) məsafədə yerləşən bu dəniz bloku təqribən 1100 kvadrat kilometr sahəni əhatə edir və həmin sahədə dənizin dərinliyi 650-800 metr təşkil edir.

Bu dəniz bloku “Şahdəniz” yatağından 60 km, Səngəçal terminalından isə 145 km aralı yerləşir.

2012-ci ildə bu müqavilə sayəsində üçölçülü seysmik tədqiqat proqramı həyata keçirilib. Seysmik məlumatların interpretasiyası 2015-ci ildə tamamlanıb, daha sonra ilk quyunun yeri seçilib və qazma fəaliyyətləri planlaşdırılıb.

Emil İsmayılov

Digər xəbərlər