"Star" NEZ ötən il 10 mln. tondan çox neft emal edib

"Star" NEZ ötən il 10 mln. tondan çox neft emal edib
# 15 fevral 2021 11:55 (UTC +04:00)

Ötən il Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Türkiyə”nin törəmə müəssisəsi – “Star” Neft Emalı Zavodu (NEZ) planı aşaraq, 10,5 mln. ton xam neft emal edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, pandemiyaya baxmayaraq, SOCAR-ın “Star” zavodu ötən il 250 mln. ABŞ dollarından çox kreditin geri ödənilməsinə nail olub.

“Emal gücü 10 mln. ton həcmində müəyyənləşdirilən “Star” NEZ istehsal planını artıraraq bu həcmi 10,5 mln. tona çatdırıb. 2020-ci ildə təxminən 10,3 mln. tonluq satış həyata keçirən zavod bu həcmin təxminən 70%-ni daxili bazara yönəldərək, Türkiyə iqtisadiyyatına proqnozlaşdırılan töhfəni verib”, - məlumatda qeyd olunur.

“SOCAR Türkiyə”nin Emal və Neft-Kimya bölməsinin rəhbəri Anar Məmmədovun sözlərinə görə, “Petkim” neft-kimya kompleksinin xammalı olan naftanın tədarükü ilə yanaşı daxili bazarda həyata keçirdiyimiz satışlarla Türkiyənin cari kəsirinin azalmasına mühüm töhfə verib. “Star” NEZ-dəki qabaqcıl texnologiya, “Petkim”lə inteqrasiya, əlverişli rəqəmsal transformasiya modeli, səmərəli istehsal planı və optimallaşdırma prosesləri bu uğuru qazanmaq üçün şərait yaradıb: “Pandemiya səbəbindən təyyarə yanacağına tələbatın azalmasını nəzərə alaraq, potensialımızı sürətlə dizel yanacağına yönəldib fasiləsiz istehsala davam edə bildik. Xüsusilə, 2020-ci ilin ikinci yarısından etibarən 100%-dən artıq istehsal gücü ilə çalışaraq zavodumuzun xam neft emalı həcmini 10,5 mln. tona qaldırdıq. Bizə qürur verən bu yüksək göstəricilərə görə hər biri öz sahəsində məsuliyyətlə çalışan bütün həmkarlarıma təşəkkür edirəm”.

2020-ci ildə neft qiymətlərində azalmanın təsiri ilə emal gəlirlərinin də aşağı düşdüyünü sözlərinə əlavə edən A. Mammadov bildirib: “6,3 mlrd. dollarlıq dəyəri ilə Türkiyədə real sektorun tək nöqtəyə yatırdığı ən böyük investisiya layihəsi olan “Star” NEZ bu çətin ildə 250 mln. dollardan çox kreditin geri ödənilməsinə nail olmuşdur. Bundan əlavə zavodumuzun anbar tutumunu və əməliyyat elastikliyini artıracaq investisiyalarımızı da davam etdiririk. Bu çərçivədə, təxminən 45 mln. dollarlıq sərmayə büdcəsinə malik olan “NEZ-in elastikliyinin, iş qabiliyyətinin və gəlirliliyinin yaxşılaşdırılması” layihəsini (IFOP) bu il başa çatdıracağıq. IFOP layihəsi ilə birlikdə ümumi dəyəri təxminən 600 mln. dollar təşkil edən və böyük hissəsi əlavə anbar tutumu ilə əlaqədar olan yeni investisiyalarımızı da 2022-ci ildə tamamlamağı planlaşdırırıq”.

Fəaliyyətə başladıqdan 1 il sonra, 2019-cu ildə İstanbul Sənaye Palatasının “Türkiyənən 500 böyük sənaye qurumu” siyahısında 5-ci yeri tutan “Star” NEZ inkişaf etmiş konfiqurasiyası sayəsində 100 növdən artıq nefti emal etmək qabiliyyətinə malikdir. Türkiyədə xam neft emal edən iki müəssisədən biri olan “Star” NEZ bu baxımdan da ölkə iqtisadiyyatına mühüm töhfə verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR