"Star" zavodu dizel və təyyarə yanacağının istehsalını 10% artırıb

"Star" zavodu dizel və təyyarə yanacağının istehsalını 10% artırıb
# 15 mart 2021 14:45 (UTC +04:00)

Dünya İqtisadi Forumu SOCAR-ın “Star” zavodunu dünyanın ən çox rəqəmsallaşmış şirkətləri sırasına daxil edib.

SOCAR-dan “APA-Rconomics”ə verilən məlumata görə, dünyanın ən rəqəmsal neft emalı zavodlarından biri olmağı hədəfləyən SOCAR-ın Türkiyədəki “Star” neft emalı zavodunda (NEZ) hələ inşaat mərhələsində texnoloji avadanlığa 70 mln. dollardan artıq sərmayə qoyulub. Nəticədə, zavod Dünya İqtisadi Forumu (WEF) tərəfindən Sənaye 4.0 texnologiyalarını istehsalatda ən yaxşı tətbiq edən müəssisələrin qəbul edildiyi “Global Lighthouse Network”a daxil olub. “Gələcəyin zavodları” liqasına bu il Türkiyədən seçilən yeganə şirkət olan “Star” NEZ dünyada bu mükafata layiq görülən ilk neft emalı zavodudur.

“SOCAR Türkiyə”nin törəmə şirkəti “Star” NEZ emalı zavodu sahib olduğu rəqəmsal texnologiyaların yaratdığı dəyər nəticəsində WEF ən qabaqcıl texnologiyaların tətbiq edildiyi müəssisələri daxil etdiyi “Global Lighthouse Network”una seçilib. “Gələcəyin zavodları”nın yer aldığı “Global Lighthouse Network”una seçilən ilk neft emalı zavodu olan “Star” eyni zamanda 2021-ci ildə Türkiyədən bu şəbəkəyə daxil olan yeganə şirkətdir

Sənaye 4.0 texnologiyalarını ən yaxşı tətbiq edən müəssisələrin qəbul edildiyi “Global Lighthouse Network”da yer almaqdan böyük sevinc duyduqlarını bildirən “SOCAR Türkiyə”nin baş icraçı direktoru Zaur Qəhramanov deyib: “2020-ci ildə bu liqaya Türkiyədən seçilən yeganə şirkət “Petkim” olub. Bir il sonra isə neft emalı-neft kimyası inteqrasiyasını həyata keçirdiyimiz digər bir müəssisəmiz – “Star” NEZ də bu xüsusi liqaya daxil oldu. Qrupumuzun tərkibindəki iki şirkətin belə mühüm bir mükafata ardıcıl olaraq layiq görülməsi bizə qürur verir. “Star” NEZ-in dünya miqyasında bu mükafatı alan ilk neft emalı zavodu olması müəssisəmizin rəqəmsallaşma sahəsində dünyaya nümunə olacaq səviyyədə bir rəqəmsal mexanizmə malik olduğunu göstərir”.

Təmir-sazlama prosesləri də daxil olmaqla, NEZ-dəki aktivlərin performansının idarəçiliyinə rəqəmsal nəzarət edilməsi, müəssisənin rəqəmsal əkizinin yaradılması, kompüter tədrisi kimi sahələri özündə ehtiva edən və olduqca mühüm əhəmiyyət daşıyan bu sərmayələrlə “Star” NEZ-in dizel və təyyarə yanacağı istehsalında illik məhsuldarlığı 10% artırılıb. NEZ-də yanacaq kimi istifadə olunan təbii qazın istehlakı 2020-ci ildə əvvəlki ilə nisbətən 6% azaldılıb, karbon emissiyasında 178 000 tonluq azalma, su sərfiyyatında isə ildə 406 000 ton qənaət təmin edilib. Bütün bu nəticələr 2020-ci ildə “Star” NEZ-in faiz, amortizasiya və vergidən əvvəlki əməliyyat gəlirinə də 35 mln. dollarlıq bir töhfə verib.

Dünyada novator rəqəmsal tətbiqlər standartı sahəsində şirkətlər üçün müqayisə meyarı yaradan “Global Lighthouse Network” Sənaye 4.0 texnologiyalarını iş prosesinə ən yaxşı tətbiq edən şirkətlərin platformasıdır. 2020-ci ilin əvvəlində bu platformaya daxil olmaq üçün müraciət edən “Star” NEZ, münsiflər heyətinin araşdırma və dəyərləndirmələri nəticəsində liqaya vəsiqə qazanıb. WEF-in bəyanatında, Türkiyədən təkcə “Star” NEZ-in yer aldığı, “Global Lighthouse Network” yeni üzvləri açıqlanıb. Pandemiyaya görə bu il WEF-in Davosdakı iclasları yaz aylarına qədər təxirə salındığı üçün mükafatların təqdimatı da həmin dövrdə keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR