Səudiyyə Ərəbistanı "OPEC+" çərçivəsində İraq, Nigeriya və Qazaxıstana müraciət edib

Səudiyyə Ərəbistanı "OPEC+" çərçivəsində İraq, Nigeriya və Qazaxıstana müraciət edib
# 06 yanvar 2021 10:36 (UTC +04:00)

Səudiyyə Ərəbistanı İraq, Nigeriya və Qazaxıstandan yaxın bir neçə ayda "OPEC+" razılaşması kvotaları çərçivəsində yerinə yetirmədiyi hasilatın azaldılması həcmlərinin kompensasiyası barədə təkliflərini təqdim etmələri ilə bağlı müraciət edib.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının energetika naziri Abdel Əziz bin Salman deyib.

Onun sözlərinə görə, o, İraq, Nigeriya və Qazaxıstandan olan həmkarlarından sözügedən təklifləri təqdim etmələrini xahiş edib.

Qeyd edək ki, "OPEC+" ölkələri nazirlərinin 13-cü iclasında gündəlik xam neft hasilatı üzrə mövcud kvotaların fevral-mart aylarında da davam etdirilməsi barədə qərar qəbul edilib. "OPEC+" ölkələrinin gündəlik xam neft hasilatı üzrə ixtisarları fevralda 7,125 mln. barel, martda isə 7,5 mln. barel təşkil edəcək.

Azərbaycanın isə bu ilin yanvar ayındakı 123 min barel həcmində öhdəliyi fevral-mart aylarında sabit şəkildə qalacaq. "Əməkdaşlıq Bəyannaməsi"nə əsasən, növbəti iki ayda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq istehsalı 595 min barel səviyyəsində saxlayacaq.

Xatırladaq ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin ötən ilin dekabrında keçirilmiş 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayında 0,5 mln. barel artırılması, "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsilə kvotaların qarşıdakı aylarda tədricən 2 mln. barelədək yumşaldılması razılaşdırılmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR