TANAP-la 20%-dək hidrogen qarışığı nəql edilə bilər

TANAP-la 20%-dək hidrogen qarışığı nəql edilə bilər
# 17 fevral 2021 17:24 (UTC +04:00)

Gələcəkdə Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsi ilə 20%-dək hidrogen qarışığı nəql edilə bilər.

"APA-Economics"in "S&P Global"a istinadən verdiyi məlumata görə, bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov "Atlantic Council" tərəfindən təşkil olunmuş vebinarda deyib.

Onun sözlərinə görə, boru kəməri artıq hidrogen nəqlinə texniki cəhətdən hazırdır.

Qeyd edək ki, TANAP "Cənub Qaz Dəhlizi"in Türkiyə ərazisində yerləşən tərkib hissəsidir. TANAP-la yanaşı dəhlizə Trans-Adriatik qaz kəməri (TAP) də daxildir.

Xatırladaq ki, öncə TAP-ın xarici əlaqələr şöbəsinin müdiri Vüqar Veysəlov bildirmişdir ki, Azərbaycan qazının Avropaya nəql edən TAP konsorsiumu təbii qaz və hidrogen qarışığının daşınmasının texniki cəhətdən mümkünlük dərəcəsini qiymətləndirir. Hidrogen karbonlaşma cəhətdən neytral gələcəyə nail olmaq istiqamətində vacib bir elementdir və konsorsium bu məsələni aktiv şəkildə izləyir. Xüsusilə kəmərin genişləndirilməsi məsələsi nəzərə alınaraq, hidrogenə olan potensial tələbatı və yeni avadanlığın layihələndirilməsi cəhətdən müvafiq göstəriciləri nəzərə alınması vacib sayılır.

Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR