TAP-la kommersiya qazının nəqlinə bu ilin sonunda başlanacaq

TAP-la kommersiya qazının nəqlinə bu ilin sonunda başlanacaq
# 25 noyabr 2020 10:57 (UTC +04:00)

Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik qaz boru kəməri (TAP) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqli bu ilin sonunda başlayacaq.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu məsələ Azərbaycanın energetika naziri Pərviz Şahbazovun İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massarini görüşü zamanı müzakirə edilib.

Məlumata əsasən, görüşdə Azərbaycan və İtaliya arasında münasibətlərin iqtisadiyyatın bir çox sahələrində uğurla inkişaf etdiyi, uzunmüddətli əməkdaşlıq əlaqələrində enerji sektorunda əməkdaşlığın mühüm rol oynadığı qeyd edilib.

"Bu əməkdaşlığın mühüm elementi sayılan Trans Adriatik Boru Kəməri layihəsinin İtaliya və digər Avropa istehlakçıları üçün əhəmiyyətindən bəhs edilib, layihənin kommersiya fəaliyyəti üçün hazır olduğu, cari ilin sonunda Azərbaycan qazının Avropaya kommersiya məqsədli nəqlinə başlanmasının nəzərdə tutulduğu vurğulanıb", - nazirliyin məlumatında deyilir.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) əməliyyat mərhələsinə daxil olur.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR