"Technol" şirkəti "Partners & Business" sərgisində iştirak edib - FOTO

"Technol" şirkəti "Partners & Business" sərgisində iştirak edib - FOTO
  • Clock-gray 10:00
  • calendar-gray 24 Fevral 2020

20-22 fevral tarixlərində Bakı İdman Sarayında keçirilən "Partners & Business - Baku 2020" sərgisində “Technol” şirkəti  uğurla iştirak edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, Azərbaycanın iş dünyasını təmsil edən müəssisə və təşkilatların qatıldığı tədbirdə “Technol” müxtəlif kateqoriyalar üzrə istehsal etdiyi 60 çeşiddə məhsulunu nümayiş etdirib.

Sərginin ilk günündən “Technol” şirkətinin hazırladığı stendə maraq böyük olub. Şirkətin nümayəndələri sərgi ziyarətçilərinə “Technol” markası, zavodun istehsal gücü, tərəfdaş olduğu xammal təchizatçıları, istehsal etdiyi məhsullar, istehsalda tətbiq olunan texnologiya və beynəlxalq standartlar, eləcə də laboratoriya imkanları haqqında ətraflı informasiya veriblər. Ziyarətçilər şirkətin istehsal etdiyi müxtəlif çeşidli məhsulları ilə tanış olub, onların tərkib və özəllikləri barədə geniş məlumatlandırılıblar. Gördüklərindən və əldə etdikləri bilgilərdən məmnun qalan ziyarətçilər beynəlxalq standartlara cavab verən “Technol” yağlarının münasib qiymətə müştərilərə təklif edilməsini müsbət qarşılayıblar.

Ümumilikdə 3 gün davam edən sərgi çərçivəsində “Technol” şirkətinin stendini 250-ə yaxın insan ziyarət edib. Şirkət nümayəndələri 40-dan çox ikitərəfli işgüzar görüş keçirib, yeni tərəfdaşlıqların qurulması, ixrac imkanlarının dəyərləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.

10 mindən çox insanın ziyarət etdiyi sərgidə 150-yə yaxın yerli şirkətin təklif etdiyi məhsul və xidmətləri nümayiş olunub.

Gündəlik 140, illik 50 min ton istehsal gücünə malik “Technol” şirkətində istehsal prosesinin təşkili məqsədilə Alman istehsalı olan avadanlıqlar quraşdırılıb, istehsal prosesinin tam avtomatlaşdırılması həyata keçirilib. ABŞ, Böyük Britaniya, Almaniya və Yaponiyanın tanınmış firmalarının müasir cihazları ilə təchiz edilən şirkət, yağların geniş səpkidə dəqiq analizi üçün beynəlxalq akkreditasiyadan keçmiş (ISO 17025:2017) müasir laboratoriyaya malikdir.

“Technol” şirkətində bütün mühərrik və sənaye yağları “Infineum”, “Chevron”, “Afton” kimi nüfuzlu təchizatçıların yüksək keyfiyyətli qatqılarından istifadə edilməklə Amerika Neft İnstitutunun (API), Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) standartlarına müvafiq qaydada istehsal olunur, Amerika Test və Materiallar Cəmiyyətinin (ASTM) tələbləri əsasında sınaqdan keçirilir. İstehsal edilən bütün məhsulların müştəri tələbatına və qanunvericiliyin tələblərinə cavab verməsi üçün şirkətdə "ISO 9001: 2015" standartı tətbiq olunub.

Dünya üzrə tanınmış markaların göstəricilərinə cavab verən yağları istehsal edərək əlverişli qiymətə hər kəs üçün əlçatan etmək “Technol” şirkətinin başlıca fəaliyyət məqsədidir. Qısa müddət ərzində müştərilərin etimad və rəğbətini qazanan “Technol” şirkətinin istehsal etdiyi keyfiyyətli məhsullar bu gün daxili bazarın tələbatını ödəməklə yanaşı xarici bazarların tələbatını qarşılamaq üçün 10-a yaxın ölkəyə ixrac olunur.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date