Türkiyə Rusiya qazının qiymətlərinə yenidən baxmaq niyyətindədir

Türkiyə Rusiya qazının qiymətlərinə yenidən baxmaq niyyətindədir
# 24 sentyabr 2020 09:55 (UTC +04:00)

Türkiyə qazın qiymətlərini endirmək məqsədilə Rusiya ilə uzunmüddətli müqavilələrə dair danışıqlar aparır.

"APA-Economics"in məlumatına görə, bunu Türkiyənin Energetika və Təbii Sərvətlər naziri Fatih Dönmez "Anadolu" agentliyinə verdiyi müsahibədə deyib.

"Uzun illər əvvəl Rusiya, İran və Azərbaycanla imzalanan uzunmüddətli qaz müqavilələrində qiymətlərə dair məsləhətləşmələrin və danışıqların vaxtaşırı aparıla biləcəyi bəndlər mövcuddur. Müqavilələrdə həm satıcı, həm də alıcı tərəfindən yenidən nəzərdən keçirilə bilən digər bəndlər də var. Hazırda həmkarlarımız qiymətləri müzakirə etməyə davam edir", - deyə F. Dönmez bildirib.

Nazirin sözlərinə görə, Qara dənizdə bu yaxınlarda kəşf edilmiş yataqdan qaz hasilatının başlanması Türkiyədəki qaz tariflərini endirəcək və idxal xərclərini azaldacaq. "Yeni yataqlar Türkiyənin enerji asılılığını azaldır, lakin yaxın gələcəkdə enerji idxalının tamamilə dayandırılacağını demək olmaz. Hər şey Qara və Aralıq dənizlərindəki yeni perspektiv sahələrinin tədqiqatından asılıdır".

Qeyd edək ki, Türkiyənin "Fatih" qazma gəmisi Qara dənizdə ölkə tarixində ən iri yatağı kəşf edib. Yataqdakı qaz təxminən 320 mlrd. kubmetr həcmində qiymətləndirilir.

Xatırladaq ki, Türkiyənin Rusiya qazının əsas idxalçısı olmasına baxmayaraq, son illər Rusiyanın "Qazprom" şirkətin Türkiyə bazarındakı qaz satışları azalmaqdadır. Belə ki, 2019-cu ildə qaz satışı 35% azalaraq 15,5 mlrd. kubmetr təşkil edib. Bu ilin ilk yarısında isə "Qazprom"un Türkiyəyə satdığı qazın həcmi illik ifadədə 1,7 dəfə azaldaraq 4,733 mlrd. kubmetr olub.

Qeyd edək ki, cari ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyəyə 7,2 mlrd. kubmetr qaz ixrac edib. Bu, ötən ili eyni dövrü ilə müqayisədə 25,3% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR