Ukrayna gələn il Rusiya və Belarusun enerji sistemlərindən ayrılacaq

Ukrayna gələn il Rusiya və Belarusun enerji sistemlərindən ayrılacaq
# 06 mart 2021 15:04 (UTC +04:00)

2022-ci ildə Ukraynanın enerji sistemini Rusiya və Belarusun enerji sistemlərindən ayrılacaq.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynanın energetika nazirinin vəzifələrini icra edən Yuri Vitrenko Litvanın energetika naziri Daynyus Kreyvislə onlayn görüş zamanı deyib.

Bundan əvvəl Yuri Vitrenko Rusiya və Belarusdan elektrik enerjisinin idxalında ağlabatan məhdudiyyətlərin tərəfdarı olduğunu bildirmişdi. Onun fikrincə, Kiyev Avropa enerji sisteminə inteqrasiya edilməlidir. Nazir izah edib ki, hazırda enerji sistemlərinin sinxronizasiya prosesi son mərhələdədir. 2022-ci ildə Ukraynanın birləşmiş enerji sistemi Rusiya və Belarusun enerji sistemlərindən ayrılaraq təcrid olunmuş iş rejiminə keçəcək, bundan sonra isə 2023-cü ildə Avropa Elektrik Ötürücü Sistem Operatorları Şəbəkəsi (ENTSO) ilə tam sinxronlaşdırılacaq.

Yuri Vitrenkonun fikrincə, Avropa enerji sistemi ilə sinxronizasiya Ukraynada elektrik enerjisi bazarının monopoliyadan çıxarılmasını da təmin edəcək və təsirli şəffaf Avropa qaydaları və prosedurlarını tətbiq etməyə imkan yaradacaq.

Eyni zamanda, nazir Ukraynanın ən yüksək tələbat zamanı Avropadan elektrik enerjisi tədarükü ilə bağlı problemlər yaşanacağını başa düşdüyünü, bu səbəbdən hazırda Ukraynanın ehtiyaclarını təmin edəcək yeni istehsal güclərinin genişləndirilməsi və qurulması imkanlarının nəzərdən keçirildiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR