Xızıda ümumi gücü 204 MVt olan iki külək enerjisi stansiyası tikiləcək

Xızıda ümumi gücü 204 MVt olan iki külək enerjisi stansiyası tikiləcək
  • Clock-gray 15:55
  • calendar-gray 25 Noyabr 2019

Azərbaycan Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən alternativ enerji mənbələrinin inkişafı çərçivəsində 8 coğrafi ərazi üzrə hərraca çıxarılacaq gücü 135 MVt olacaq ən iri külək enerjisi stansiyası Xızı rayonunun Sitalçay qəsəbəsinin 7,5 km cənub-qərbində tikiləcək.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, 700 hektar ərazidə yerləşəcək külək enerjisi stansiyasının (41 turbin×3,3 MVt) illik istehsal edilməli olan enerjinin həcmi 414,8 mln. KVt-saatdır.

Qeyd olunan 8 layihə üzrə ümumi gücündən 2 825 MVt-ı günəş, 442,2 MVt-ı isə külək elektrik stansiyaların (3-ü günəş, 5-i isə külək elektrik stansiyası) payına düşəcək.

Məlumata əsasən, sözügedən ərazidə (Xızı rayonunda) 69 MVt gücündə olacaq digər külək enerjisi stansiyasının tikintisi üçün 490 hektar bələdiyyə torpağı ayrılıb. Layihəyə əsasən, obyektin (20 turbin×3,45 MVt) ildə 192 mln. KVt-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir.

Bundan başqa, ölkə ərazisində daha üç (Bakının Qaradağ rayonunda – red.) külək enerjisi stansiyasının tikintisi də planlaşdırılır. Onlardan biri Qızıldaş qəsəbəsinin 4,6 km şimal-qərbində 875 hektar ərazisində (gücü 105 MVt – 35 turbin×3 MVt, illik istehsalat – 313,67 mln. kVt-saat), başqa ikisi isə Pirkəşkül qəsəbəsindən 3 km şimalda yerləşən 661 hektar ərazidə (gücü 78 MVt – 26 turbin×3 MVt, illik istehsalat – 225 mln. kVt-saat) və Səngəçal qəsəbəsinin 9 km şimal-qərbində (gücü 55,2 MVt – 16 turbin×3,45 MVt, illik istehsalat – 198 mln. kVt-saat) tikiləcək.

Qeyd edək ki, Azərbaycanda alternativ enerji mənbələrinin inkişafı çərçivəsində 8 coğrafi ərazi üzrə hərraca çıxarılacaq layihələrin ümumi gücü 3 267,5 MVt təşkil edir. Layihələr üzrə ilk hərracın keçirilməsi 2020-ci ilin birinci yarısında  planlaşdırılır.

Emil İsmayılov

Digər xəbərlər

Arxiv

date